Gənclər və İdman Nazirliyi tərəfindən elan olunan “Gənclər həftəsi” çərçivəsində Ağcabədidə gənclər arasında şeir müsabiqəsi keçirilib.
SİA xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü”nün 25 illiyi münasibətilə təşkil edilən müsabiqədə 40-dan artıq gənc iştirak edib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bu gün inkişaf və tərəqqi yolunda olan Azərbaycanda yüksək intellektual səviyyəsi ilə diqqəti cəlb edən gənclər böyük qüvvədir.
Maraqlı şeir kompozisiyaları ilə yadda qalan müsabiqədə Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xalidə Quliyeva birinci, 5 nömrəli tam orta məktəbin şagirdi Aytac Fərzəliyeva ikinci, 3 nömrəli məktəb-liseyinin şagirdi Tamella Zeynallı və şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Jalə Hüseynova üçüncü yerə layiq görülüb. Qaliblərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.