Koronavirusun "gizli omikron" adlanan Omikron ştammının BA.2 alt növü BA.1 alt növü ilə müqayisədə daha yüksək yayılma sürətinə malikdir. SİA xəbər verir ki, bunu Britaniyanın dövlət portalında dərc olunan Böyük Britaniya Səhiyyə Agentliyinin apardığı təhlilin nəticələri sübut edir.
"İndi biz bilirik ki, BA.2-nin yayılma sürəti artıb. Bu nümunə İngiltərənin bütün bölgələrində müşahidə olunur. Biz həmçinin müəyyən etdik ki, BA.2-nin BA.1-dən bir qədər yüksək təkrar yoluxma faizi var", deyə baş həkim məsləhətçisi Syuzen Hopkins bildirib.
Eyni zamanda, britaniyalı alimlər qeyd edirlər ki, omikronun yeni çeşidinə qarşı peyvəndlərin effektivliyi BA.1-ə qarşı eyni səviyyədədir.
Xatırladaq ki, peyvənd olunma bütün növ koronavirusa qarşı ən təsirli qorunma yolu olaraq qalır. Rusiyanın səhiyyə naziri Mixail Muraşko Rusiya xəstəxanalarına yerləşdirilən COVID-19 xəstələrinin əksəriyyətinin peyvənd olunmadığını vurğulayıb.