Pentaqon: Rusiyanın sərhəddə hərbi fəallığı artdı

29 Yanvar 2022 05:43 (UTC+04:00)

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi Rusiyanın Ukrayna sərhədinə yaxın bölgələrdə və Belarusda son 24 saat ərzində hərbi gücünü artırdığını açıqlayıb.

SİA xəbər verir ki, gündəlik mətbuat konfransında gündəmi şərh edən C.Kirbi Ukrayna sərhədindəki hadisələri yaxından izlədiklərini söyləyib:

"Rusiyanın hərbi yığınağına gəldikdə, ruslar son 24 saat ərzində öz ölkələrinin qərbində və Belarusda əhəmiyyətli döyüş qüvvələri yığmağa davam etdilər. Gündəlik artımlar olmadan, oradakı öz imkanlarını dramatik şəkildə olmasa da, müəyyən dərəcədə artırdıqlarını görməkdə davam edirik".

Ukraynaya müdafiə dəstəyi verməyə davam etdiklərini vurğulayan Kirbi Ukraynaya niyə hava hücumundan müdafiə sistemi vermədikləri ilə bağlı suala belə cavab verib:

"Ukraynaya verilən silahların təfərrüatlarına toxunmayacağam. Onların ehtiyacları ilə bağlı daimi əlaqə saxlayırıq. Düşünürəm ki, sözügedən silahlarla bağlı bu danışıqlar davam edəcək. Buradan heç bir silahın çatdırılması yaxud da o silahla bağlı təslim təqvimi barədə heç bir vəd vermirəm".

Hazır vəziyyətində olan 8500 əsgər haqqında da bəzi məlumatlar verən Kirbi Əfqanıstan və İraqın işğalında da istifadə edilən 82-ci və 101-ci hava desant diviziyaları ilə 4-cü piyada diviziyasının bəzi hissələri ilə Arizona, Texas, Luiziana və Corciyada olmaqla 4 hava bazasının hazır vəziyyətinə gətirildiyini bildirib.