Azərbaycanın konseptual təhsil strategiyası: gələcəyə qoyulan sərmayə - FOTOLAR

28 Yanvar 2022 16:56 (UTC+04:00)

Bu gün Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. “Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. Biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyalar nə qədər inkişaf edir. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur”. Prezident İlham Əliyevin Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında bildirdiyi bu fikirlər ötən illər ərzində təhsil sahəsində görülən genişmiqyaslı işlərlə təsdiqini tapıb. Ölkəmizdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Ötən ildə də təhsil müəssisələrinin tikintisi və ya əsaslı təmiri diqqət mərkəzində olub

Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

Bütün bunlar təhsilin inkişafına əhəmiyyətli dərəcədə təsir edib. Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, müəllimlər yaxşı məktəblərdə dərs deməlidirlər” fikri əsasında ölkəmizdə ən müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması istiqamətində işlər aparılır. Hətta son iki ildə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu məsələ diqqətdən kənarda qalmadı. 2020-ci ildə ölkə üzrə 34 təhsil müəssisəsində tikinti, bərpa-gücləndirmə və əsaslı təmir işləri görüldü, 60 modul tipli məktəb quraşdırıldı. 2021-ci ildə isə ölkəmizdə ümumilikdə 88 təhsil müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Bu, ölkəmizdə təhsilin inkişafının hər zaman diqqət mərkəzində olmasının əyani göstəricisidir.

Heydər Əliyev Fondu Azərbaycanda konseptual təhsil strategiyasının həyata keçirilməsinə önəmli töhfə verir

Heydər Əliyev Fondu tərəfindən məktəblərin tikilməsi, əsaslı təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində layihələr həyata keçirilir. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər son dərəcə təqdirəlayiqdir.

Azərbaycanda bu sahəni qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaq Fondun təhsil layihələrindəki məqsədləri sırasındadır.

Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Bunu nəzərə alan Fond, ilk növbədə, yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparır. Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından əhəmiyyətə malik bir sıra layihələr uğurla gerçəkləşdirilib.

“Yeniləşən Azərbaycana yeni məktəb ” proqramı həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib.

2021-ci ildə də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakıda və regionlarda məktəblər inşa edilib, əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Fondun bu istiqamətdə gördüyü işlər davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı oldu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışda iştirak etdikləri Tədris və Xidmət Kompleksinin ərazisində orta məktəb və körpələr evi-uşaq bağçası, stadion və idman sahələri yaradılıb. Buradakı 1400 şagird yerlik məktəbin dördmərtəbəli binasında sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.

Bütün bu görülən işlər bir daha göstərir ki, ölkəmizdə təhsilin və elmin inkişafı Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindəndir.

İşğaldan azad edilmiş ərazilərdə müasir təhsil müəssisələrinin tikintisinə start verilib

44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi ilə Zəfərlə başa çatdı. Qələbədən sonra regionun lider ölkəsi olan Azərbaycanın qarşısında yeni hədəflər qoyur. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Təbii ki, azad olunmuş ərazilərdə yeni və müasir təhsil ocaqlarının tikintisi də nəzərdə tutulub. Artıq bu istiqamətdə işlərə də start verilib.

Prezident İlham Əliyev mayın 8-də “Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Dövlətimizin başçısı məktəbin təməlqoyma mərasimində də iştirak edib. Ötən il mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının da təməlini qoyub. Bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Prezident İlham Əliyev, həmçinin oktyabrın 4-də Cəbrayıl şəhərinə səfəri çərçivəsində burada akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib. 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. 145 yaşlı bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulub.

Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.