Nikol Paşinyanın marağında olan namizəd kimdir? EKSPERT AYDINLIQ GƏTİRDİ

28 Yanvar 2022 14:08 (UTC+04:00)

"Ermənistan prezidentinin istefa etməsi siyasi vəziyyəti ölkə daxilində dəyişib". Bunu SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Natiq Miri bildirib ki, Ermənistan prezidenti Armen Sarkisyan inqilabçı Nikol Paşinyan hökumətinə qarşı olan şəxs kimi tanınır. Paşinyan zaman-zaman verilən qərarlarda veto hüququndan istifadə edərək, qərarların təxirə salınmasını təmin edirdi. Armen Sarkisyanın ayrıca orduda yüksək rütbəli hərbçilərlə də əlaqəsinin olduğu heç kəsə sirr deyil. Bu baxımdan, baş qərargah rəisinin zamanında Nikol Paşinyana istefa göndərmək qərarını əngəlləyən Armen Sarkisyan olub. Ona görə də prezident Armen Sarkisyan Nikol Paşinyanın müttəfiqi kimi görmək mümkün deyildi. Buna görə də prezident Armen Sarkisyanın istefası düşünülmüş hərəkətdir. Bu istefa Ermənistanda yeni siyasi vəziyyət yaradıb.

Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, konstitusiyaya görə yeni prezident parlamentdə seçilənə qədər səlahiyyətlər Ermənistan parlament spikerinin öhdəliyinə verilir: "Yəni, prezidentin səlahiyyətlərini parlamentin spikeri həyata keçirəcək. Ermənistanda sabiq prezident Serj Sarkisyanın siyasi iradəsinə və məqsədinə xidmət edən yeni parlament üsul idarəsinin Ermənistanda bərqəqrar olması layihəsində prezident simvolik vəzifə olaraq yer almışdı. O qədər də böyük səlahiyyətlərə malik olmayan Armen Sarkisyan, sadəcə, hökumətdən gələn qərarları təsdiqləməkdən başqa heç bir funksiya yerinə yetirmirdi. Ona görə də bu Ermənistandakı parlament spikeri Ararat Mirzoyan üçün də yeni vəzifəni seçkilərə qədər daşımasında elə bir ciddi problem olmayacaq. Düşünürəm ki, parlamentdə mövcud olan Paşinyana müxalif qüvvələrin namizədi olmayacaq. Çünki namizəd olsa belə parlamentdə əksəriyyət Nikol paşinyanın rəhbərlik elədiyi "Mənim addımım" blokundadır. Seçki mərkəzi olan "mənim addımım" blokundadır ki, bu da istənilən müxalif namizədin parlamentdə prezident seçilməsinə imkan verməyəcək. Yeni prezident seçkiləri parlamentdə start veriləndə namizəd yenə də mənim addımım blokundan olacaq. Yəni Nikol Paşinyanın marağında olan şəxs prezdentliyə irəli sürüləcək. Əksəriyyət Nikol Paşinyan blokunun əlində olduğu üçün parlamentdə istədiyi şəxsi prezident seçdirmək imkanı da var. Prezidentin seçilməsi üçün 80 deputatın səsinə ehtiyac var. İndiki "Mənim addımım" bloku parlamentdə 79 səsə malikdir. Parlamentdə yalnız bir deputatın səsi lazım olacaq ki, Nikol Paşinyanın siyasi maraqlarına xidmət edən şəxs olsun.
Bu gün Nikol Paşinyan hökumətinə qarşı olan müxalifət mövcuddur. Yeni prezident Nikol Paşinyan tərəfdarı olacaq. Düşünürəm ki, beləliklə Nikol Paşinyanın işi daha da asanlaşacaq. Gələcək prespektivdə konstitusiyanın dəyişdirilməsi çox rahatlıqla başa gələrsə, Ermənistanda yenidən prezident üsul idarəsinin tətbiq olunması layihəsi də intensivləşə bilər".