Mənə vertolyot verin KÖŞƏ

28 Yanvar 2022 13:20 (UTC+04:00)

Bir neçə il əvvəl kasıb, imkansız insanlar varlı təbəqənin malını-mülkini nəzərdən keçirib «bunun hər şeyi var, yalnız vertolyotu və yaxtası çatışmır» deyə öz-özünə söylənirdi. Elə hallar da olurdu ki, başqasının pulunu, varını hesablamağa adət edən kasıb varlıların vertolyot və yaxta almaq üçün məqam gözlədikləri barədə özü kimi insanlarla geniş müzakirələr aparırdı. Zaman yetişdi, kasıbın varlı ilə bağlı uzaqlara hesablanan arzularını Əmlak Məsələləri üzrə Dövlət Komitəsi rellaşdırdı. Artıq Azərbaycanda elə şəxslər var ki, həm vertolyotu, həm də yaxtası var. Daha doğrusu, Azərbaycanda 12 nəfərin şəxsi vertolyotu var. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu günlər yaydığı məlumata görə, fevralın 1-dən daha 4 vertolyot hərraca çıxarılacaq və satışı təşkil olunacaq. Söz yox ki, həmin vertolyotu mənim kimi imkansız jurnalist və ya kasıb insan ala bilməyəcək. Yenə də uçan aparata varlı şəxslər sahib olacaqlar. Başqa cür də ola bilməz. Çünki çox zaman fani hesab olunan dünyanın gözəl həyatını daha çox varlılar yaşayırlar.

Yay ayında təsadüfən Dənizkənarı Milli Parkda gəzən zaman dənizdə bir neçə lövbər salan yaxta və katerlər gördüm. Gördüklərim məni çox təəccübləndirdiyindən, nəzarətçi gəncə yaxınlaşıb şirin söhbətlərlə dənizdə lövbər salan yaxtaların kimlərə məxsus olması ilə maraqlandım. Gənc nəzarətçi öncə suallara cavab verməsə də, sonradan daşı ətəyindən töküb əsəbi şəkildə «kimin olacaq varlıların, vəzifə sahiblərinin» deyə bildirdi. Sonra da əlavə etdi ki, yaxta sahibləri bir neçə günlüyə özlərinə azuqə və geyim dəsti götürüb çəkilirlər dənizin ortasına. Yeyib-içib, musiqi sədaları altında rəqs edir, bir sözlə, həyatlarının dadını çıxarırlar. Açığı gənc nəzarətçi o dərəcədə bəh-bəhlə, həm də şirin danışdı ki, həsədlə dənizin ortasına baxdım. Öz-özümə düşündüm ki, heç olmasa o yaxtaların içinin necə olduğunu görmək mənə nəsib olaydı. Təbii ki, kimdi məni yaxtaların içinə buraxan. Yəqin ki, bu yaxtaların qapısı önündə keçəl, bığsız idmançılar dayanırlar. Quş quşluğu ilə həmin qapıdan keçib içəridə baş verənləri izləyə bilməz, o ki ola mənim kimi sadə və imkansız jurnalist. Hər şey varlılar üçündür, Azərbaycanda gəzir, vertolyota, yaxtaya sahib olurlar, bununla kifayətlənməyib, xarici ölkələrdəki, bahalı istirahət mərkəzlərinə də baş vururlar. Deyilənə görə, elə varlı məxluqlar var ki, xarici ölkələrə səfərlərini öz şəxsi vertolyotları ilə həyata keçirirlər. Məsələn, belələri sırasında Hacı İbrahim Nehrəmlinin, Nəriman Əliyevin, Kəbirənin, Hafizin, Dövlət Neft Şirkətinin bir neçə şöbə müdirinin və vitse-prezidentinin və digərlərinin adını çəkmək olar. Hətta deyilənə görə, şou əhlinin bəzi tanınmış mütrüblərinin də Azərbaycanda və Türkiyədə yaxtaları var.

Yaxın vaxtlarda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi daha 4 vertolyotun hərracını keçirən zaman qırhaqır düşəcək. O varlı məxluq deyəcək ki, vertolyotu mən alıram, vəzifəli şəxs isə onun üstünə yeriyib iddia edəcək ki, bu vertolyotları almağa daha çox onun haqqı var. Beləcə, çəkişmə başlayacaq. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin reytinqli vəzifəli şəxsi dəstəyini kimə göstərsə, o da vertolyota sahib olacaq. Yəni, məsələnin həlli hansı tərəfin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxsinə daha yaxın olması ilə bağlı olacaq. Maraqların təmin olunmasında görüm-baxım da xüsusi rol oynaya bilər. Vertolyota 200 min manat ödəməyə hazır olan şəxs təbii ki, 20-30 min «hörmət» etməyə də xəsislik etməz. Bizə isə ancaq o qalır ki, vertolyotdan yazaq, yaxtadan söhbət açaq və varlı təbəqənin bu vasitələrdən necə və hansı formada istifadə etmələrini müzakirəyə çıxaraq. Nə alırsa-alsınlar, təki tank, qırıcı - bombardmançı təyyarə almasınlar. Fəlakət varlı insanların hərbi təyinatlı tank və ya “F-16” təyyarələri aldıqları zaman yarana bilər.

İ.ƏLİYEV