Son zamanlar Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sürücülər tərəfindən quruma ünvanlanan qanunsuz "parkovşiklər"lə bağlı şikayətlərə cavab olaraq reydlərə başlayıb.
Bəs, həmin keçirilən reydlərə münasibət necədir? Bununla bağlı SİA olaraq sürücülər arasında sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:
Paytaxt sakini Zöhrab Səmədov: “Doğrudan da bu məsələ bütün sürücüləri, eləcə də məni narahat edirdi. Yol polisinin reydləri davam etdiyi bir vaxtda 3-4 gündür ki, məsələ aradan demək olarki qaldırılıb. Hesab edirəm ki, bu reyd qərarı lap yerində olub”.
Paytaxt sakini Elman Şirinoğlu: “Həqiqətən də bu reyd qərarı çox düşünülmüş və yerində verilmiş
qərardır. Çünki “parkovşik”lərin qanunsuz pul tələb etmələri sürücülərin işini çətinləşdirirdi. İndi isə bir neçə gündür vəziyyətdə normallaşma hiss olunur”.
Paytaxt sakini Əkbər Əkbərli: “Yol polisi bir neçə gündür ki, canla-başla reydlər həyata keçirir. Mən özüm də bunun şahidi oluram. Qanunsuz “parkovşik” məsələsi həqiqətən bir sürücü olaraq deyə bilərəm ki, bizi cana yığmışdı. Bizim məhəllədə bir şəxs “parkovşik” paltarını əynindən çıxarıb, mülki paltarda pul yığmağa çalışır. Təbii ki, mən və mənim kimi bir çox insan ona pul vermir. İndi nə qədər bu şəxslərin sayı azalsa da, hələ də belələri var. Ancaq inanıram ki, bunların da qarşısı alınacaq. “Parkovşik”lərin sayının azalması məni həqiqətən də sevindirir. Çünki 5 dəqiqə bir yerdə maşın saxlayan kimi gəlirdilər ki, pul ver. Dükanın qabağında saxlayırsan 50 qəpik istəyirlər, başqa yerdə dayanırsan 1 manat istəyirlər. Adam evə gedənə kimi 5 manat xərcləyir.
Paytaxt sakini İshaq Əzizli: “Yəqin ki, dövlətimizin gördüyü tədbirlər mənfi olmaz. Əlbəttə ki, bu görülən tədbir çox yaxşıdır. Çünki bəzi yerlərdə maşın saxlamaq qadağan olsa belə “parkovşik”lər var ki, bu yerlərdə pul alıb maşınımızı orada saxlamağa qoyurlar. Sonradan isə yoxa çıxırlar. Hətta içəri şəhər qala qapılarının yanında 1 maşından 5 manat belə pul istəyirlər. Tədbirlərin görülməyib məncə, çox yaxşıdır. Məncə, hər şeyin qanun çərçivəsində olmağı çox gözəldi”.
Paytaxt sakini Asif Babazadə: “Dövlət yol polislərimizin belə bir reyd etməsi çox gözəl bir haldır. Mən də bir sürücü kimi öz fikirlərimi qeyd etmək istəyirəm. “Parkovşik”lərin qanunsuz fəaliyyəti bir çox sürücünü artıq bezdirib. Avtomobili saxlayıb 2 dəqiqə işimizi həll edə bilmirik. Əsassız yerə gəlib hər sürücüdən ən azı 1 azn alırlar (bir çox parkovşiklər). Hər gün avtomobil sürən sürücü gərək hər dəfə 5-10 azn “parkovşik”lərə pul versin. Yaxınlaşıb yalandan saxlamaq olar deyib, BNA çəkmir burada rahat ol deyib 1 azn alıb, yoxa çıxırlar. Sürücüyə isə 15 dəqiqə sonra sms gəlir ki, cərimələnmisiniz. Belə hallar hər gün çox sürücünün başına gəlir. Bunların qeyri-qanuni hərəkətləri yığışdırılsa, çox gözəl olar. Buradan DYP əməkdaşlarına öz təşəkkürümü bildirirəm”.
Paytaxt sakini Rza Quliyev: “Bu reydlərin olmağı həqiqətən yaxşı oldu. Bir normal yerdə maşın saxlamaq olmurdu. İndi bu reydlərdən sonra vəziyyət biraz yaxşılaşıb. Hesab edirəm ki, reydlər davam etməlidir. Bir sürücü kimi bu problemimizin həll olunması məni sevindirir".