
İctimai və dövlət maraqlarının qorunması, müdafiəsi məsələləri daim öz aktuallığını qoruyur, çünki bu maraqarın qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindəndir. Hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının, eləcə də çoxluğun maraqlarının ifadəsi məhz ictimai maraqlardır və məhz bu səbəbdən də daim qorunur, müdafiə edilir. İctimai maraqların qorunması ilə yanaşı, dövlət maraqlarının da qorunması ən vacib şərtdir və məhz hər kəs tərəfindən bu maraqlar qorunmalı, müdafiə edilməlidir. Daha doğrusu, dövlət maraqlarının qorunması vətəndaşlıq borcudur və xüsusilə qeyd etmək lazımdır ki, ümumilikdə ictimai və dövlət maraqlarının qorunması azərbaycançılıq ideologiyasının əsasını təşkil edir.
Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının əsasını məhz ictimai və dövlət maraqlarının vəhdəti təşkil edir. Bu baxımdan ölkəmizdə ictimai və dövlət maraqlarının bir birini tamamlaması, bu maraqların bir-biri ilə üst-üstə düşməsi heç də təsadüfi deyil. Ümumiyyətlə, təkcə hansısa bir ölkədə deyil, bütövlükdə hər bir bir cəmiyyətdə bu maraqların qorunması ən ümdə vəzifə hesab olunmalıdır, ona görə ki, bu maraqların qorunması bütöv bir toplum, cəmiyyət üçün həyati əhəmiyyət kəsb edir. Əbəs yerə deyil ki, ölkə rəhbəri, cənab Prezident İlham Əliyev öz çıxışlarında milli maraqlarımızın, ictimai və dövlət maraqlarının üstün tutulmasının vacibliyini qeyd edir. Cənab Prezidentin istənilən platformada görüşləri, çıxışları zamanı milli maraqlarımızı, ictimai və dövlət maraqlarını üstün tutduğu, bu maraqlardan çıxış etdiyi hər kəs üçün bir nümunə, bir örnəkdir.
Xüsusilə vurğulamaq yerinə deşərdi ki, ictimai və dövlət maraqlarının qorunması, müdafiəsi, azərbaycançılıq ideolojiyası bizi daha sıx birləşdirdi. Bütün dünya ölkələrində yaşayan azərbaycanlıların birliyi, həmrəyliyi məhz bu maraqların, ictimai və dövlət maraqlarının qorunması fonunda reallaşdı. Azərbaycançılıq ideologiyası bizi birləşdirdi, həmrəyliyimizi daha da möhkəm etdi, hansıki bu həmrəyliyin nəyə qadir olduğunu ikinci Qarabağ savaşı, Vətən müharibəsi zamanı hamımız müşahidə etdik. Azərbaycan xalqının həmrəyliyi, birliyi, Ali Baş Komandanın ətrafında birləşməsi qələbəmizə əsaslı zəmin yaratdı. Az qala 30 ilə yaxın müddətdə işğal altında saxlanılan, üzərində erməni işğalçıları tərəfindən müdafiə istehkamları qurulan torpaqlarımızın cəmi 44 gün ərzində düşməndən təmizlənməsi, işğaldan azad edilməsi və geri qaytarılması heç də təsadüfi deyildi və bu birliyin, bu həmrəyliyin nə demək olduğunu isbatlayır.
Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal etməsindən az qala əsrin üçdə biri qədər müddət keçmişdi. Vətən müharibəsi, ikinci Qarabağ savaşı zamanında döyüşən Azərbaycanın igid, qəhrəman övladlarının bir qismi Qarabağ torpaqlarının Azərbaycan torpaqları olduğunu bilsələr də, həmin torpaqları yalnız xəritədə görə bilərdilər və buna baxmayaraq, torpaqlarımız uğrunda canlarını belə qurban etdilər. Azərbaycan Ordusunda olan hər bir hərbçinin, hər bir əsgərinin vətən uğrunda fədakarlığı təkcə bizim üçün deyil, hər kəs üçün sirr deyil. Təkcə Şuşanın geri qaytarılması zamanı hərbçilərimizin, əsgərlərimizin hansı çətinlikdə, hansı şəraitdə qayalarla dırmaşaraq düşmən üzərinə həmlə etməsi, qələbəsi dastana çevrilən faktlardan yalnız biridir və belə faktlar olduqca çoxdur, hansıki bütün bunlar Azərbaycan vətəndaşının milli maraqlarımızı, ictimai və dövlət maraqlarını müdafiəsi nümunəsidir.
Hazırda işğaldan azad edilən ərazilətrimizdə intensiv quruculuq-abadlıq işlərinin görülməsi, infrastruktur layihələrinin gercəkləşdirilməsi, “Böyük Qayıdış” kimi möhtəşəm layihənin gerçəkləşdirilməsi istiqamətində atılan əməli addımlar ictimai və dövlət maraqlarının qorunması, müdafiəsidir. Erməni işğalçıları tərəfindən vandallıqla darmadağın edilən, viran qoyulan Azərbaycanın işğaldan azad olunan torpaqlarının quruculuq işləri sayəsində yenidən abadlaşdırılması məhz ictimai və dövlət maraqlarına xidmət edir. Əvvəla, abadlıq-quruculuq işləri işğal faktı səbəbindən ata-baba torpaqlardan didərgin düşmüş, yurd həsrəti ilə yaşayan vətəndaşlarımızın öz yurd-yuvalarına dönüşünə hesablanıbdır və “Böyük Qayıdış” özündə həm də bu reallığı ehtiva edir. Digər tərəfdən, işğaldan azad olunan torpaqlarda infrastruktur layihələrinin gerçəkləşdirilməsi dövlət büdcəsi üçün xüsusilə iqtisadi baxımdan əhəmiyyətlidir. İşğaldan azad olunan ərazilərin əkin sahəsi kimi ölkəmizin torpaq fonduna əlavə edilməsi üçün minalardan təmizlənməsi də önəmli işlərdəndir və nəticə etibarı ilə dövlət maraqlarının, milli maraqların təmin olunması, müdafiə edilməsidir.
Göründüyü kimi, ictimai maraqların, eləcə də dövlət maraqlarının təminatına, qorunmasına, müdafiəsinə hökumət tərəfindən zəmanət verilir və qorunur. Faktlar təsdiq edir ki, müdafiə edilən ictimai maraqlar dövlət maraqları ilə üst-üstə düşürsə, deməli, ictimai maraqların müdafiəsi elə dövlət maraqlarının müdafiəsi rolunda çıxış edir. Azərbaycanın timsalında demokratik quruluşlu bütün ölkələrdə ictimai və dövlət maraqları ciddi şəkildə müdafiə edilir, üst-üstə düşür və cəmiyyətin hər bir fərdi belə bu maraqların müdafiəçiləri hesab olunur.
İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.