"Hamiləlik hər bir qadın üçün ən gözəl hədiyyədir. Bu xəbər bəzən şok ola bilər. Amma digər tərəfdən bu bütün həyat boyu davam edən ən böyük xoşbəxtlikdir. Hamiləlik heç də xəstəlik deyil. Bu eyni zamanda orqanizm üçün bir inqilabdır. Qəflətən ağız tamı, həssaslıq, emosiyalar dəyişir. Hamilə qadın tək özünün yox həm də körpəsinin qayğısına qalmalıdır. Hamiləlikdə qidalanma körpənin fundamental bir əsasıdır və bəzi məhsullar ananın rasionuna daxil olunmamalıdır. Bəzi məhsullar var ki, onlar həm ananın özünə, həm də körpəyə ziyan verə bilər". Bu fikirləri SİA-ya açıqlamasında həkim-klinik dietoloq Sevinc Həsənzadə bildirib.
Onun sözlərinə görə, ciddi bir pəhrizə oturmaq lazım deyil, sadəcə olaraq sağlam və qədərində qidalanmaq lazımdır. Bu körpə üçün sağlamlıq təminatıdır: "Hansı qidalar ümumiyyətlə hamilə qadınlar üçün ziyanlıdır? Süd məhsullarından istifadə etmək məsləhət görülürmür. Çiy süd içmək ziyandır, yanlız yaxşı qaynadıldıqdan sonra istifadə edə bilərlər. Həmçinin xüsusi kifli pendirlər, yumşaq pendirlər və qoyun-keçi pendirlərindən istifadə etmək olmaz. Çünki bu tipli pendirlərdən istifadə etmək hamilə qadınlarda ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Çiy yumurta qəbulu ümumiyyətlə hər kəsə qadağan olunmuşdur, həmçinin hamilə qadınlara da qadağandır. Yumurtadan istifadə etmədən öncə onu yaxşıca su ilə yumaq lazımdır. Hamilə qadınlara gündə 2 dəfədən artıq istifadə etmək də ziyandır. Həm də çox yemək allergik reaksiyaya da səbəb ola bilər. Alkaqollu içkilərdən, enerji içkilərindən, qazlı içkilərdən istifadə etmək də qadağandır və qazlı içkilər ishala da səbəb ola bilər.
Çox yağlı ətlər, quş məhsulları, eləcə də kofe, şokolad kimi məhsulların istifadəsi də ziyandır. Ekzotik meyvələrin qəbulu hamilə qadınlar üçün arzuolunmaz qidalardır. Çünki güclü allergik mənşəli meyvələr hesab edilirlər və allergik reaksiya verə bilərlər. Daha çox alma, armud kimi meyvələrə üstünlük vermələrini məsləhət görərdim.
Hamilə qadınlar turşu məhsullarına meyilli ola bilərlər, lakin onların istifadəsi də məsləhətli deyil. Yeməklərdə duzun miqdarna diqqət etmək lazımdır. Həmçinin şirniyyat məhsullarından lazımınca az istifadə etməyə çalışmalıdırlar. Bal allergik məhsullar qrupuna aid olduğu üçün ondan istifadə etmək də arzuolunmazdır. Balın çox miqdarda qəbulu körpədə diatezin yaranmasına səbəb ola bilər.
Çuğundur ən faydalı tərəvəzlərdən olsa da hamiləlik zamanı bu məhsulun istifadəsinə diqqət etməlidirlər. Çuğundur tərkibində şəkər ehtiva edir və bu da müəyyən qədər təsir edir. Ümumiyyətlə deyirlər ki, çoxlu çuğundur yemək düşük hallarına səbəb ola bilər. Hamiləliyin ilk 3 ayında bu məhsulu ümumiyyətlə rasiondan çıxarmaq lazımdır. Sonrakı aylarda isə az-az qəbul etmək olar. Düzdür bunların istifadəsi ziyandır. Lakin əgər nəfsləri çəkərsə istifadə edə bilərlər. Yanlız çalışmalıdır ki, az miqdarda istifadə etsinlər. Bundan əlavə gündəlik təmiz hava almaq, yüngül idmanla məşğul olmaq, yuxu rejminə riayət etmək, sudan istifadə etmək hamilə qadınlar üçün vacibdir”.