Evdə müsbət auranı necə yaratmaq olar? - İZAH EDİLDİ

27 Yanvar 2022 16:29 (UTC+04:00)

"İnsan istər evdə olsun, istərsə də özünün xarakterində olsun aurasını müsbətə doğru dəyişmək üçün ətrafdakıları yox, ilk olaraq özünü dəyişməyə başlamalıdır. Eyni zamanda bizi evdə sıxacaq əşyaları dəyişməklə də öz auramızı geri qaytara bilərik". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, amma bəzən də auranı dəyişmək evdəki əşyaları deyil də həmin evdə yaşayan insanların biri-birilə münasibətini dəyişməsindən başlayır: "Bir ailədə evdə hüzurun, sakitçiliyin olması həmin evdə yaşayan insanların biri-biri ilə olan gözəl münasibətindən asılıdır. Əgər insan onu başa düşən, dinləyən insanların əhatəsində yaşayırsa demək ki, xoşbəxt auaraya sahibdir. Burada isə əsas yük evdə yaşayan insanların üzərinə düşür.

Digər bir tərəfdən isə bu müsbət auranı estetik zövqlə də xarakterizə edə bilərik. Hansı ki, insanların yaşadığı evdə onların estetik zövqünə uyğun olan yataq otağı, qonaq otağı, mətbəxin təmiri ilə də əlaqələndirə bilərik. Hətta vanna otağının təmiri orada istifadə olunan aksessuarlar belə böyük bir əhəmiyyətə sahibdir. Eyni zamanda ev təmirində dizayn və istifadə olunmuş aksessuarlarla yanaşı rənglər də mühüm əhəmiyyət kəsb edir. Eyni bir evi almaq istəyən iki fərqli insan ola bilər. Həmin şəxslər evə daxil olduqda təbii olaraq ikisi də eyni düşüncədə olmayacaq. Eyni zamanda evə ilk girdiyi zaman evin aurası birinə xoş gələcəksə, digərini narahat edəcək. Baxmayaraq ki, həmin ev çox yaxşı təmir olunub amma yenə də hər kəsə eyni auranı ötürə bilməz. Bu normaldır. Çünki insanların düşüncə tərzi xarakterləri və zövqləri fərqlidir.

Ev otaq təmirində rəng seçimi də önəmlidir. Belə ki, bəzi insanlar yataq otaqlarını tünd yaşıl rəngə boyayırlar və bu rəng onlarda xoş aura yaradır. Lakin bəzi insanlar isə psixoloji olaraq belə özlərini bu rənglə boyanmış otaqda yaxşı hiss etmirlər. Çünki şüuraltı olaraq özlərini tabutda təsəvvür edir və narahat olurlar.

Evin aurası insanların zövqləri ilə də yaxından bağlıdır. Məsələn, klassik üslubda təmir olunmuş ev bir çox insan tərəfindən çox bəyənilsə belə başqa bir qrup üçün də avanqard üslublu evlərin aurası daha xoşdur. Bundan əlavə evdə istifadə olunmuş aksessuarlar, mebelləri, hətta tablolar belə evin və insanların aurasına təsir göstərir".