"Bildiyimiz kimi Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə çalması, ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıqlar yaratdı. Bu yeni reallıqların fonunda region dövlətlərinin əməkdaşlığı daha da aktual oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin təklif etdiyi sülh regionda uzunmüddətli iqtisadi əməkdaşlığa və əmin-amanlığa gətirib çıxara bilər: "Bu baxımdan da Türkiyə prezidenti hörmətli cənab Rəcəb Tayyib Ərdoğanın “3+3” formatını dəstəkləməsi və region dövlətlərinin də bu təşəbbüsə dəstək vermək istəyini ortaya qoyması tezliklə bu formatda ikinci görüşün keçirilməsini labüd etməkdədir. Bildiyimiz kimi burada təkcə Gürcüstan hələ də öz qərarını verməyib. Bu da Rusiya-Gürcüstan münasibətləri ilə bağlıdır. Ancaq Moskva görüşündən fərqli olaraq Türkiyədə Gürcüstan tərəfinin də iştirakı ümid edilir. Nəticə etibarilə onu demək olar ki, “3+3” formatı baş tutana qədər Azərbaycan müxtəlif tərkiblərdə qonşu dövvlətləri ilə əməkdaşlığını reallaşdıra bilib.
Düşünürəm ki, Ermənistan Azərbaycan sərhədlərini və ərazi bütövlüyünü tanıdıqdan və Zəngəzur dəhlizi açıldıqdan sonra biz Türkiyə-Ermənistan münasibətlərində də yumşalmaların şahidi olacağıq. Nəticə etibarilə regionda “3+3” formatında əməkdaşlıq baş tutacaq. Bu, bütün region dövlətləri üçün faydalı və əhəmiyyətlidir. Həmçinin qlobal baxımdan yaranan çətinliklər və mövcud problemlər bu formatı daha da aktual edir. Çünki region dövlətləri yalnız birlikdə bu çətinlikləri arxada qoya bilər və dövlətin inkişafına zəmin yarada bilər".
Arzu Qurbanzadə