Azərbaycanda heç bir dövlətin bioloji laboratoriyaları mövcud olmayıb - POLİTOLOQ ŞƏRH ETDİ

27 Yanvar 2022 11:30 (UTC+04:00)

“İlkin olaraq onu qeyd etmək lazımdır ki, nə keçmiş SSRİ dövründə, nə də müstəqillik dövründə Azərbaycanda nəinki ABŞ-ın, digər dövlətlərin belə bioloji laboratoriyaları mövcud olmayıb, buna heç bir əsas da yoxdur”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Amid Əliyev deyib.

Politoloq Amid Əliyev qeyd edib ki, Rusiya telekanallarında belə bir fikrin səsləndirilməsinə gəlincə isə biz mütəmadi olaraq bu tipli Azərbaycana qarşı qara PR-la tez-tez rastlaşırıq: “Bu heç də təsadüfi deyildir. Çünki, Rusiya KİV-nin çoxunun rəhbəri erməni və ya erməni milliyyətçisi və erməni lobbisinin maliyyəsi hesabına fəaliyyət göstərən şəxslərdir. Biz bunun bariz nümunəsini II Qarabağ müharibəsi zamanı gördük. Azərbaycan daim, hər zaman bütün müstəvilərdə öz qonşuları ilə mehriban qonşuluq, ərazi bütövlüyünə hörmət, qarşılıqlı etibarın təmin edilməsi prinsiplərini üstün tutub. Rusiya Azərbaycanın həm qonşusu, həm də strateji tərəfdarıdır. Bu gün bölgədə Rusiya Türkiyə ilə yanaşı sülhün təmin olunmasını təmin edən ölkələrdən biridir. Ağdamda birgə mərkəzdə Türkiyə ilə Rusiya hərbçiləri də bu prosesə birgə nəzarət edirlər. Heç bir zaman Azərbaycan ərazisi Rusiyaya qarşı hər hansı bir müstəvidə platsdarm rolunu oynamayıb. Xarici siyasətdə Rusiyaya qarşı Azərbaycan tərəfindən mənfi münasibət göstərilməyib”.

Politoloq vurğulayıb ki, bu gün Azərbaycanda müxtəlif etnik tərkiblərlə yanaşı, ruslar da sərbəst və tamhüquqlu Azərbaycan vətəndaşı kimi yaşayır, öz dinlərinə sitayiş edir və hətta Azərbaycan uğrunda döyüşlərdə belə iştirak edərək şəhid olurlar: “Çox məyusedici haldır ki, mütəmadi olaraq Rusiya KİV ara-sıra Azərbaycan haqqında yoxlanılmamış, tarixi və hüquqi faktlara əsaslanmayan məlumatlar yayırlar. Bununla bağlı dəfələrlə Azərbaycan tərəfi öz kəskin münasibətini bildirmişdir. Rusiya tərəfi isə cavabında KİV vasitələrinin müstəqil olmasını və bunun rəsmi Rusiya dövlətinin rəyi və siyasəti olmadığını bildirmişdir. Bu məsələyə də məhz bu prizmadan yanaşmaq lazımdır. Rəsmi Moskva dəfələrlə Azərbaycanla dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlığın olmasını müxtəlif səviyyələrdə bildirmişdir”.