"Sağlam bir pəhrizdə nə yediyimiz, hansı porsiyada yediyimiz və nə vaxt yediyimiz çox vacibdir. İstifadə etdiyimiz yeməklərin və qəlyanaltıların yemək vaxtı bədən çəkisinin tənzimlənməsinə, metabolik sistemə, piylənmə ilə əlaqəli xəstəliklərin idarə olunmasına və yuxu dövrünə təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.
Onun sözlərinə görə, düzgün yemək vaxtları maddələr mübadiləsinin işləməsi ilə sıx əlaqəli olduğu üçün çəki üzərində də təsirlidir: "Doğru zamanda, müntəzəm yemək maddələr mübadiləsi üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biridir. Aparılan araşdırmalar nəticəsində sübut olunub ki, müəyyən fasilələrlə, hər gün eyni vaxtda yemək arıqlamağı 28% sürətləndirir. Məlumdur ki, düzgün planlaşdırılmış yemək planı ürək-damar xəstəliklərinin müalicəsinə, eləcə də arıqlamağa müsbət töhfə verir".
"Səhər yuxudan oyananda maddələr mübadiləsi normaldan daha sürətli olur. Günün ən vacib yeməyi olaraq bilinən səhər yeməyini oyandıqdan 1-2 saat sonra yemək gün ərzində daha az aclıq hiss etmənizə kömək edir. Bundan əlavə, səhər qısa müddətli aclıqdan sonra ilk yemək hüceyrələrin yenilənməsini sürətləndirir və maddələr mübadiləsi sürətinizi artırmağa kömək edir. Ən dəqiq səhər yeməyi vaxtı oyandıqdan sonra 1 saat ərzindədir".
Ceyhunə Yusifova sözlərinə belə davam edib: "Naharda nəzərə alınması lazım olan əsas şey bədəninizin enerji ehtiyacını doğru zamanda, sağlam şəkildə qarşılamaqdır. Aparılan araşdırmada sübut olunub ki, günorta yeməyini saat 15:00-dan sonra yeyən insanlar o saatdan əvvəl yemək yeyənlərə nisbətən arıqlamaqda çətinlik çəkirlər. Naharınızı 13:00 və 14:00 arasında etmək ən idealdır.
Axşam yeməyi üçün gecə saatlarını seçmək qan şəkərində dalğalanmalara və keyfiyyətsiz yuxuya səbəb olur. Uzun müddətdə bədən yağının artmasına, insulin müqavimətinə, çəki artımına və metabolik pozğunluqlara da səbəb olur. Bu səbəbdən axşam yeməyinizi yatmazdan 4 saat əvvəl yeməyə diqqət edin. Beləliklə axşam yeməyi üçün ideal vaxt 18:00-19:00 arasındadır".
Ayşən Vəli