Parklanmalarla bağlı xaos aradan qaldırılacaq? - EKSPERT AYDINLIQ GƏTİRDİ

26 Yanvar 2022 14:31 (UTC+04:00)

"Parklanmalarla bağlı cərimələrin məbləğləri artır və burada fərqləndirmə baş verəcək. Əslində bu lazım idi. Çünki adi halda nişanın tələbini pozub dayandırılma qaydasına 20 manat cərimə, səkidə, yol ayrıcına 5 metr qalmış maşın saxlayanlar, yolu kəsib digər hərəkət iştirakçılarına ciddi əngəl törədənlərə də 20 manat cərimə yazılır". Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bu təbii ki, obyektiv yanaşma deyildi: "Bu istiqamətdə müəyyən addımların atılması ilə bağlı bizim də fikirlərimiz var idi. Artıq bununla bağlı layihə Milli Məclisə daxil olub. İkinci, üçüncü cərgədə, yolayrıcına 5 metr qalmış bir məsafədə maşın saxlamaq, eləcə də taksi üçün nəzərdə tutulan duracaqlarda avtomobil park etmək 40 manat məbləğində cərimə ilə nəticələnəcək.

Hazırda avtobus dayanacaqlarında parklanmaya görə, 40 manat cərimə nəzərdə tutulur. Eyni zamanda biz dəfələrlə demişdik Bakı Nəqliyyat Agentliyi kamera vasitəsilə sürücüləri cərimələyirdi. Hansı ki, bu qanunda nəzərdə tutulmamışdı. Artıq bu məsələ də qanuna gətirildi. Yəni bundan sonra bu cərimələr kamera vasitəsilə yazılacaq. Beləliklə də sürücülərimizin işi çox çətin olacaq. Parklanma üçün normal şərait yaradılmayıb, amma cərimələr üçün bütün şəraitlər yaradılır".

Arzu Qurbanzadə