Hökumətin inflyasiyaya qarşı tədbirləri NƏLƏR OLACAQ? - ŞƏRH EDİLDİ

26 Yanvar 2022 14:26 (UTC+04:00)

"Azərbaycan hökumətinin anti-inflyasiya tədbirləri ilə bağlı toplantısının keçirilməsi hesab edirəm ki, təqdirəlayiq addımdır. Nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatında inflyasiya meylləri xeyli dərəcədə artmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, əslində söhbət struktur inflyasiyanın, təklif sferası ilə bağlı olan inflyasiyanın və monetar pul kütləsi artımı ilə bağlı olan inflyasiyanın dünya iqtisadiyyatında bir-birini tamamlayaraq böyük bir inflyasiya dalğasının formalaşdırılmasından gedir: "Bu da dünya miqyasında baş verən proseslərdir. Azərbaycan faktiki olaraq öz daxili istehsalını artıraraq, ölkə iqtisadiyyatına qoyulan investisiya həcmini artıraraq yalnız effektiv şəkildə bu proseslərlə mübarizə apara bilər. Çünki əks halda biz ölkəmizə faktiki olaraq inflyasiyanı idxal etmiş oluruq. Ona görə də investisiyaların artımı yerli istehsalın daha intensiv şəkildə reallaşdırılması, idxaldan asılılığın azaldılması və eyni zamanda təbii inhisar subyektlərinin sabit saxlanılması, valyuta bazarındakı sabitlik şübhəsiz ki, milli iqtisadiyyatımızın inflyasiya ilə bağlı olan problemlərdən yaxa qurtarmasına şərait yarada bilər".

Elşad Məmmədov sözlərinə belə davam edib: "Düşünürəm ki, bu istiqamətlərdə həyata keçiriləcək tədbirlər Azərbaycanda yaxın aylarda inflyasiyanın məqsədli parametrlər çəçivəsində saxlanmasına şərait yarada bilər".

Ayşən Vəli