“Güzgüvari geri çəkilmək prinsipi” - kapitulyant şərt irəli sürə bilərmi? SİYASİ RAKURS+ÖZƏL

26 Yanvar 2022 14:04 (UTC+04:00)

Nikol Paşinyanın və Qarabağ separatçılarının siyasi loğazlıqla məşğul olmaları onların son nəfəsləri olacaq

44 günlük Zəfər yürüşünün ardınca 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanat və orada əks edilən bəndlər yalnız qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı kontingentinin məsul olunduqları ərazilərimizdən çıxarılmaları ilə bağlı tələbləri deyil, həmçinin 30 il boyunca işğalçılıq və etnik təmizləmə siyasəti fonunda Ermənistan sərhədlərinə qatılmış əzəli Azərbaycan torpaqlarının da geri qaytarılması tələblərini ortaya qoymaqdadır. Habelə, Zəngəzur dəhlizinin açılması, nəqliyyat rabitəsinin bərpası, infrastrukturların fəaliyyəti də müvafiq bəndlərdə qeyd olunur. Danılmaz fakt isə budur ki, həmin sənəd kapitulyasiya aktı kimi qəbul olunub və eyni zamanda, qalibin məğlub qarşısındakı diktəsini ehtiva etməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyev ölkə jurnalistlərinə verdiyi müsahibəsində Ermənistan rəhbərliyinin sözlərinə etibar etmədiyini açıq şəkildə vurğuladı

Lakin biz ötən dövr ərzində məğlub tərəfin, yəni Ermənistanın bəndlərdə irəli sürülmüş tələbləri nəinki realizə etdiyini, əksinə, hansısa “şərtlər”, “tələblər” irəli sürdüyünü görməkdəyik. Bu da azmış kimi, Azərbaycan Silahlı Qüvvələrinin vaxtilə Ermənistanın ərazilərinə qatılmış torpaqlarımıza sahib çıxması zamanı düşmən ölkə zaman-zaman silahlı təxribatlara əl atır, müəyyən edilməmiş, delimitasiya və demarkasiya olunmamış sərhədlərdəki torpaqlarımızı işğal altında saxlamaq məqsədini müxtəlif əməlləri ilə nümayiş etdirir. Düzdür, belə olan vəziyyətdə Ordumuz hər dəfə düşmənə layiqli cavabını verir və düşmən geriyə çəkilmək məcburiyyətində qalır, amma buna baxmayaraq sülh razılaşmasına doğru heç bir addım atmaq istəmədiyini açıq-aydın sərgiləyir.

Maraqlı məqamlardan biri də budur ki, 2021-ci ilin 11 yanvar Moskva və 26 noyabr Soçi görüşlərində əldə edilmiş razılaşmalar əsasında Ermənistanın baş naziri Nikol Paşinyanın üzərinə götürdüyü öhdəliklərin heç birini əməli qaydada, yaxud praktiki şəkildə realizə etməməsi, bütün bunların yerinə isə hansısa ucuz və yersiz təxəyyül məhsulu olan “ideyalarını” dırnaqarası “şərt” olaraq irəli sürməsi istər-istəməz vəziyyətin normallaşmasına və qarşıda dayanan planların icrasına əngəllər yaratmağa başlayır.

O da əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə jurnalistlərinə verdiyi geniş müsahibəsi zamanı məhz Ermənistan rəhbərliyinin sözlərinə, əməllərinə etibar etmədiyini açıq şəkildə vurğuladı və qeyd etdi ki, belə olan halda Bakının da səbri tükənə bilər, necə ki, 44 günlük Vətən müharibəsində olduğu kimi...

Ancaq söz yox ki, belə bir sərsəm “ideya” heç vaxt reallaşdırıla bilməz, Azərbaycan dövləti buna imkan verməz

Məsələ ondadır ki, Nikol Paşinyanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı “ideyalarından” biri müəyyən olunmamış (əslində, Azərbaycan tərəfi sərhəd zolaqlarının haradan keçdiyini və ərazi bölgülərini dəqiqliklə bilir və müəyyən edib-R.R.) sərhədlərdə yerləşmiş qoşunların güzgüvari şəkildə geri çəkilməsi ilə bağlıdır. “Güzgüvari geri çəkilmək prinsipi” kimi adlandırılan bu “ideyanın” arxasında dayanan məsələlərdən biri isə Ermənistanın sonradan ona aid olmayan ərazilərdə hərbçilərini yerləşdirmək marağıdır. Yəni sonradan – delimitasiya prosesi başlayandan sonra Azərbaycana məxsus əraziləri yenidən öz ərazilərinə qatmaq. Ancaq söz yox ki, belə bir sərsəm “ideya” heç vaxt reallaşdırıla bilməz, Azərbaycan dövləti buna imkan verməz.

Paşinyanın sözügedən məqsədi arxasında daha bir maraq dayanır: sərhədlərdə sünu qarşıdurmalar yaradıb KTMT-ni proseslərə cəlb etmək. Lakin onun bu planı da sadəcə qeyri-işlək plan olaraq qalmaqdadır. Ortada razılaşmalar var və həmin razılaşmalara qeyd-şərtsiz əməl edilməlidir. Əks halda, Azərbaycanın dəmir yumruğu daim hazır vəziyyətdə qalmaqdadır və hər an düşmənin başına endirilə bilər.

Qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanımaq tələbi isə əldə olunmuş razılaşmalar gerçəkləşdirilmədiyinə qədər yerinə yetirilə bilməz. O cümlədən bu mənada daha bir nüasnsa diqqət yetirək. Yalnız Zəngəzur ərazilərimiz deyil, həmçinin Qarabağın Rusiya sülhməramlılarının məsul olduqları bölgələrimizdə də üçtərəfli bəyanatda tələb edilən bəndlərə riayət olunmur.

Erməni tərəfi Azərbaycan Prezidentinin bəyanatlarını qulaqlarına sırğa etməsələr...

Fakt budur ki, Xankəndidə, Ağdərədə, Xocavəndin bir hissəsində və daha bir neçə kiçik ərazilərdə Ermənistana aid hərbi birləşmələrin məntəqələri, hərbi hissələri qalmaqda davam edir. Üstəlik, separatçı quldurlar hələ də utopik “respublikalarının” hansısa “qərarlarını” verir, bu da azmış kimi, Şuşa və Hadrutun geri qaytarılması yönündə axmaq düşüncələrini ictimailəşdirirlər. Azərbaycan tərəfi isə səbrinin son həddindədir və belə davam edilməyəcəyini bəri başdan söyləmək olar. Xüsusilə, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın üzərindən bir ildən artıq vaxt ötüb və prosesin ikinci ili gedir, amma bu cinahda da irəliləyişlərin getmədiyini deyə bilərik. Erməni separatçıları silahlı təxribatlara əl atır, üstəlik mina xəritələrinin verilməsi prosesində də düşmən öz xain və mənfur xislətini nümayiş etdirir. Bugünlərdə isə Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda Araik Arutyunyanla görüş keçirməsi, Qarabağ separatçılarına 290 milyon vəsait ayırması isə qırmızı xətləri keçməkdədir! Və əlbəttə ki, belə davam edə bilməz və etməyəcək də. Artıq Prezident İlham Əliyev dəfələrlə öz bəyanatlarını səsləndirib və Ermənistan tərəfi, həmçinin separatçıları quldurlar bu bəyanatları qulaqlarında asaraq sırğa etməsələr, baş verəcək növbəti hadisələrdən dolayı bütün məsuliyyətlər onların öz üzərlərində olacaq. Bütün bunlardan sonra Paşinyanın “güzgüvari geri çəkilmək prinsipi” ətrafında siyasi loğazlıqla məşğul olması həm onun, həm də bütövlükdə erməni işğalçılığının, separatçılığının son nəfəsi olacaq. Buna qətiyyən şübhə yoxdur.

Rövşən RƏSULOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.