Sarkisyanın simvolik prezident postundan istefasının HƏDƏFLƏRİ - POLİTOLOQDAN AÇIQLAMA

26 Yanvar 2022 14:07 (UTC+04:00)

Ermənistan prezidenti Armen Sarkisyan istefaya getdi və bununla da Ermənistanın daxili siyasətinə yeni elementlər qatılmış oldu". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Anar Əliyev qeyd edib ki, Ermənistan prezidentinin istefa verməsinin bir neçə mühüm səbəbləri var: "Bu səbəblərin həm Cənubi Qafqazda baş verən proseslərə, həm də Ermənistan və Azərbaycan münasibətlərinə müəyyən təsir imkanları mövcuddur. Ermənistan və Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsi, sərhədlərin delitimasiya və demarkrasiyası, eləcə də Zəngəzur dəhlizi, kommunikasiya xətlərinin açılması ilə bağlı Ermənistan ərazilərində praktiki işlərin başlanması ərəfəsində Armen Sarkisyanın istefaya getməsi bu proseslərə təsir etmək və müəyyən qədər uzatmağa xidmət edir.

Revanşist qüvvələrə və Qarabağ klanına yaxınlığı ilə seçilən Armen Sarkisyan Paşinyana Azərbaycan və Türkiyə ilə münasibətlərinin tənzimlənməsi istiqamətində atılacaq addımlara maneə törədə biləcək ən güclü qüvvələrdən biri kimi qiymətləndirilirdi.

İstefaya səbəb olan mühüm səbəblərdən biri də Paşinyan və komandası tərəfindən Sarkisyana qarşı edilən təzyiqlər idi.
Digər tərəfdən, simvolik dövlət başçısı postunu tutan Sarkisyan ölkənin daxili və xarici siyasətinə müdaxilə edə bilmədiyindən, qanunlara veto qoymaq hüququ olmadığından Paşinyan və onun komandası tərəfindən atılacaq addımlara və onun məsuliyyətinə şərik olmamaq üçün istefa verdi".

Politoloqun açıqlamasına görə, mühüm səbəblərdən biri də konstitusiya dəyişikliyi ilə bağlı başlayacaq proseslər və salahiyyətləri genişləndiriləcək prezident statusunun formalaşması ilə bağlı dəyişikliklərdən sonra keçiriləcək prezident seçkilərinə özünü rəqib kimi qoruyub saxlamaqla bağlıdır: "Sarkisyan düşünür ki, növbəti səlahiyyətləri artırılmış prezident seçkilərinə daha "təmiz", Paşinyanın atdığı addımların məsuliyyətinə şərik olmadan, bu proseslərdən kənarda qalmaqla öz nüfuzunu qoruyub saxlayaraq getməyi onun üçün daha uğurlu olacaq. İstefa addımının mühüm hədəflərindən biri də bu idi.
Ermənistan konstitusiyasına əsasən, növbəti prezident parlamentin 80 üzvünün səsi ilə seçilməlidir. Ermənistan parlamentində 79 yer hakim partiyanın əlindədir. Seçkilərin birinci turunda Paşinyan öz namizədini prezident seçdirə bilməsə, konstitusiyanın tələbinə əsasən 65 parlament üzvünün səs verməsi bəs edir ki, irəli sürülən namizəd ikinci turda prezident seçilə bilsin. Beləliklə, ən pis halda ikinci mərhələdə Paşinyan Ermənistanda həyata keçirdiyi siyasətinin dəstəklənməsinə xidmət edən bir şəxsin prezident seçilməsinə nail ola biləcəkdir. Düşünürəm ki, Ermənistanın növbəti prezidenti parlamentin sədri Alen Simonyan ola bilər. Amma kimliyindən asılı olmayaraq seçiləcək şəxs qısa dövr ərzində, növbəti prezident seçkilərinə qədər müvəqqəti prezident kimi fəaliyyət göstərəcəkdir.

Əlavə edim ki, Ermənistan tərəfi, xüsusilə hakim komanda çox gözəl dərk edir ki, Ermənistan üzərindən Cənubi Qafqazda maraqlarını həyata keçirməyə çalışan bir sıra dövlətlər artıq Azərbaycanın yaratdığı reallıqlarla barışmaq məcburiyyətində olduqlarını dərk etdikləri üçün onlara açıq və fəal şəkildə dəstək verə bilmirlər. Ona görə də, Azərbaycan və Türkiyə ilə münasibətlərin formalaşmasından başqa çıxış yolu olmadığını qəbul edən Ermənistan ərazilərində yaxın vaxtlarda praktiki işlərin şahidi olacağıq".