“Şuşa İli” Şuşanın tanıdılmasında olduqca vacibdir - İCTİMAİ BİRLİYİN SƏDRİ ŞƏRH ETDİ

26 Yanvar 2022 13:07 (UTC+04:00)

Bu ilin, 2022-ci ilin “Şuşa İli” elan edilməsi Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından olduqca vacib addımdır və cəmiyyətimiz tərəfindən çox yaxşı, çox müsbət qarşılanıb. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai birliyin sədri vurğulayıb ki, bu qərar Şuşamızın tarixi simasının özünə qaytarılması, mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpası, bir daha yüksəliş mərhələsinə daxil olması deməkdir.

“Şuşa artıq bərpa və böyük quruculuq mərhələsinə qədəm qoyub və cənab Prezident İlham Əliyevin 2021-ci il 14 yanvar tarixində Şüşüya səfərindən sonra ölkə başçısının rəhbərliyi ilə Şuşanın bərpasına başlanıldı, hansıki, qısa zaman fasiləsində kifayət qədər böyük işlər görüldüyü də göz qabağındadır. Şüşada ermənilərin sıradan çıxardığı, məhv etdiyi elektrik xətlərinin, su xətlərinin, tarixi abidələrin bərpasına cənab Prezidentin göstərişi ilə başlanıldı və ən qısa zamanda görülən işlər diqqəti cəlb edir. Artıq Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu və bütün bunlar təsdiq edir ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi vaxtında verilən ən doğru, ən vacib qərardır.
Ötən il Şuşada Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı bərpa olundu və məhz 29 ildən sonra 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı baş tutdu. Bundan sonra hər il “Xarıbülbül” festivalının Şuşada keçiriləcəyi gözlənilir və bu ənənə özü böyük bir tövhədir. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə 2021-ci il 30 avqust tarixində Vaqif Poeziya Günləri şairin doğma şəhərində yenidən təşkil olundu. Ümid edirik ki, Şuşa İlində bu cür festivalların, mədəni tədbirlərin sayı daha da artacaq və Şuşanın mədəni-mənəvi baxımdan da Azərbaycanın ayrılmaz parçası, xalqımızın tarixi şəhəri olduğunu 2022-ci ildə dünya bir daha görəcək, buna bir daha əmin olacaq.
Bütün bunlar eləcə də onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və məhz bu fonda şuşalıların öz doğma yurdlarına ən tez zamanda qayıdışı gözləniləndir. Əminik ki, bu il Şuşada Böyük Qayıdışın təntənəsi baş tutacaq. Ümid edirik ki, uzun müddətlik həsrətdən sonra şuşalılar Şuşa İlindən irəli gələn əhəmiyyətli tədbirləri məhz doğma yurdlarında izləyəcəklər və sözsüz ki, bu hər birimizdə sevinc, fərəh, qürur hissi doğurur”, deyə Mehriban Abdullayeva bildirib.