Müəllim-şagird münasibətləri NECƏ OLMALIDIR? - ŞƏRH EDİLDİ

26 Yanvar 2022 13:01 (UTC+04:00)

“Müəllim-şagird münasibətləri təəssüflər olsun ki, son günlər daha da kəskin münasibət alıb. Təbii ki, bu vəziyyətin qarşısını almaq üçün müvafiq qurumlar ciddi tədbirlər görməlidirlər. Mən düşünürəm ki, hər bir məktəbdə və auditoriyalarda xüsusi olaraq kameralar quraşdırılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, hər bir məktəbdə bir saat belə olsa psixoloji dərslər keçilməlidir: “Eyni zamanda psixoloqlarla şagirdlərin görüşü təşkil olunmalı, seminarla keçirilməlidir. Şagirdlərə müəyyən biliklər verilməlidir. Əgər müəllimin psixoloji durumu yerində deyilsə, və yaxud da hər hansı bir situasiya ilə bağlı özünü yaxşı hiss etmirsə, yaxşı olar ki o müəllim dərslərdə iştirak etməsin”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Artıq müəyyən məsələlərlə bağlı müəllimin nüfuzu o qədər aşağı düşüb ki, istənilən halda hər bir hərəkət vətəndaşda da, şagirddə də qıcıq yaradır. Şagird-müəllim münasibətləri əslində valideyn-övlad münasibəti kimi qurulmalıdır. Müəllim şagirdə öz övladı kimi yanaşarsa, şagird də həmçinin müəllimə valideyni kimi münasibət göstərsə bu zaman problemlərin qarşısı bir qədər alına bilər. İndi elə bir dövrdəyik ki, baş verən hər hansı bir situasiya ictimaiyyət tərəfindən anında yayımlanır və cəmiyyət də bunu görür. Ona görə də müəllim də, şagird də bu məsələlərə çox həssaslıqla yanaşmalıdır ki, problemlər daha da böyüməsin”.

Ümumiyyətlə, şiddət kim tərəfindən tətbiq edilməsindən asılı olmayaraq qəbuledilməzdir. Biz yalnız müvafiq ünsiyyət vasitələrini tətbiq etməklə məsələni həll edə bilərik. Ani bir məqamda verilən səhv qərar təbii ki, hər iki tərəfə müəyyən mənada mənfi təsir edə bilər”.

Ayşən Vəli