Ailə qurarkən hansı kriteriyalara diqqət etmək lazımdır? - MARAQLI MƏQAMLAR - PSİXOLOQ AÇIQLADI

26 Yanvar 2022 12:52 (UTC+04:00)

"İnsanlarda "oxudum, məktəbi bitirdim, universitetə daxil oldum, universiteti bitirdim və artıq işləyirəm niyə də ailə qurmayım?" fikri yaranır. Amma əslində biz görürük ki, bu insan oxumaqdan, işləməkdən, hədəfə doğru getməkdən ailə qurmağı belə hədəflərdən biri kimi görür. Biz ailəni hədəfə aid edə bilmərik. Çünki orada emosiyalar, duyğular lazımdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Ələkbərova deyib.

Onun sözlərinə görə, bu tip insanlar özlərinə uyğun bir insan tapdıqlarında ideal bir ailə modeli ortaya çıxır: "Təbii ki, hər bir ailədə narahatçılıqlar, problemlər olur, amma bu ailədə boşanmaya gətirib çıxardacaq qədər bir problem yaşanmır. Əgər insan ailə qurmağı özünə hədəf kimi görürsə və özündən bir qədər fərqli olan yəni ailə qurmağı özündə bir hədəf kimi görməyən şəxslə ailə qurursa, təbii ki, bu ailədə boşanma ehtimalı daha çox olur. Ailə qurmaq üçün iki insan yetəri qədər istəklidirsə, həmin ailə özünü istənilən vəziyyətdən çıxarda biləcək. Bəzi ailələr də var ki, orada adaptasiya müddəti tələb olunur. Hər bir ailədə də adaptasiya müddəti fərqlidir. Yəni burada bir tərəfin ailə qurmamışdan qabaq ailə haqqındakı xəyalları, bu xəyalların yerinə yetib-yetmədiyi və bu xəyallar yerinə yetmədiyi zaman şəxsin demotivasiya yaşayıb-yaşamadığın və əgər yaşayırsansa, nə qədər müddətə ayağa qalxdığı çox önəmlidir".

Səbinə Ələkbərova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ilk növbədə hər bir insanın kriteriyaları var: "Elə insan var ki, deyir nə cür insan olursa-olsun bircə kobud insan olmasın. Bu insanlarda həmin kriteriya həmin insanların tac kriteriyasıdır. Ümumiyyətlə, insan öz tac kriteriyasını bilməlidir. Çünki bu, həmin insanın bir növ həssas kriteriyasıdır. Bu kriteriya qarşı tərəfdə olmadıqda, artıq ailədaxili problemlərin yaranmasına gətirib çıxarır. Ümumi olaraq bir insan bütün problemləri yaşadıqda həmin problemin nə zaman bitəcəyini düşünür. Artıq özünü boğmağa, sıxmağa başlayır. Belə olduqda insan olduğu ailəni bir zəncir kimi görməyə başlayır və bu zəncirdən qurtulmağa başlayır. İnsan ilk növbədə, problemi öz içində bağışlamağı bacarmalıdır. Bizim hər şeyimizi idarə edən beynizimizdir. Maksimum dərəcədə insan bütün emosiya hallarında hansı sözü işlətdiyinə diqqət yetirməlidir. Bir problemi yaşadıqda beynə davamlı şəkildə boşanma çıxışını veririksə, beyin istər-istəməz bir gün gedib boşanmaya fokuslanacaq. Təbii ki, istisna hallar da var".

Arzu Qurbanzadə