Sözümüz imzamız qədər dəyərlidir - DEPUTAT ŞƏRH ETDİ

26 Yanvar 2022 11:36 (UTC+04:00)

"30 il işğal dövründə ermənilər şəhər və kəndlərimizi tamamilə viran qoydular. Onlar sözün əsl mənasında daş üstə daş qoymamışdılar. Vətən müharibəsində də tam qələbəmizdən sonra Prezident cənab İlham Əliyev çıxışlarında xalqımıza, eləcə də dünya ictimaiyyətinə bildirdi ki, biz işğaldan azad edilmiş bütün torpaqlarımızı cənnətə çevirəcəyik. Sözümüz imzamız qədər dəyərlidir. Bu fikrini vurğulayan ölkə başçımız bir daha söylədiyi hər bir fikrin reallığa çevrildiyini bütün dünyaya sübut etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Qarabağa, Zəngəzura Böyük Qayıdış planı sürətli şəkildə yerinə yetirilir, xaricdən gələn qonaqlar, diplomatlar, jurnalistlər bu ərazilərdə gedən quruculuq və yenidənqurma işlərini görəndə öz heyrətlərini belə gizlədə bilmirlər: "Yenidən qurulan bütün kənd və şəhərlərimiz ağıllı kənd, ağıllı şəhər layihələri əsasında inşa edilir. İlk olaraq Zəngilan rayonunun Ağalı kəndindən başlanan bu işlər artıq işğaldan azad edilmiş bütün əraziləri əhatə edir. Yaxın vaxtlarda Ağalı kəndinin öz insanlarının öz doğma evlərinə dönmələri planlaşdırılır. Mədəniyyət paytaxtımız olan Şuşada dini-tarixi abidələrimizlə yanaşı sosial obyektlərin, yaşayış binalarının tikintisi davam etdirilir. Füzuli, Ağdam şəhərlərinin baş planı hazırlanıb. Artıq rayonlarda da baş plana uyğun tikinti quruculuq işləri sürətli şəkildə davam etdirilir. Cəmi 8 aya ən müasir standartlara cavab verən Füzuli aeroportu cəmi bir neçə aya istifadəyə verildi".

Deputat sözlərinə belə davam edib: ""Zəfər Yolu" adlandırdığımız Əhmədbəyi Şuşa avtomobil yolu çəkildi. Naftalan şəhərindən Kəlbəcərə gedən avtomobil yolunun inşası da yaxın vaxtlarda istifadəyə veriləcək. Bərdə-Ağdam dəmiryolunun çəkilişi başa çatdırılır. Avtomobil yollarının inşasında son tamamlama işləri aparılır. İşğaldan azad olunmuş bütün rayonlarımızı bir-biri ilə əlaqələndirən böyük nəqliyyat şəbəkəsi qurulur. Bütün görülmüş və görüləcək işləri sadalasaq bizdə çox böyük bir siyahı alınacaq. İşğaldan azad olunmuş ərazilərdə ilk növbədə infrastruktur qurulur, sosial obyektlər inşa edilir. Əhalinin işlə təmin olunması üçün yeni müəssisələr yaradılmalıdır ki, gələcəkdə öz evlərinə qayıdan vətəndaşlarımız heç bir çətinliklə üzləşməsinlər. Dövlət büdcəsindən yenidənqurma işlərinə də 2,2 milyard manat vəsait ayrılmışdır. Yəni, bütün quruculuq işlərinin həyata keçirilməsinə Prezidentimiz cənab İlham Əliyev şəxsən özü nəzarət edir, istifadəyə verilən bütün obyektlərin açılışında, təməlqoyma mərasimində ölkə başçımız şəxsən özü iştirak edir. Yəni, yaxın vaxtlarda həmvətənlərimiz, vətəndaşlarımız hamısı öz evlərinə dönəcək və xaricdən gələn qonaqlar əsrarəngiz təbiəti olan Qarabağa səfərləri zamanı bu cənnət diyara heyran qalacaqlar".

Ayşən Vəli