“Yaşıl çay” həm də aqroturizmin ünvanıdır - FOTOLAR

26 Yanvar 2022 10:45 (UTC+04:00)

Lənkəranda aqroturizmin əsas ünvanlarından biri “Yaşıl çay” fermer təsərrüfatıdır. Əsrarəngiz təbiəti ilə göz oxşayan Talış dağlarınn ətəyində yerləşən bu təsərrüfat 2006-cı ildə çayçılığın bərpası məqsədilə İstisu qəsəbəsində yaradılıb. 170 ha torpaq sahəsi olan təsərrüfatda indiyədək 70 hektar çay plantasiyası salınıb.

“Yaşıl çay” bir ailə təsərrüfatıdır. Burada ilk gündən çayçılıqla yanaşı, heyvandarlıq, baramaçılıq, taxılçılıq və sitrusçuluq sahələri inkişaf etdirilir. Təsərrüfatda Gürcüstandan gətirilmiş yüksək məhsuldarlığa malik “Kolxida” və yerli mütəxəssislərin yetişdirdiyi “Azərbaycan-2” elit çay tinglərindən ibarət plantasiyalar salınıb. 70 hekar çay plantasiyasının 50 hektarı məhsuldar sahələrdir. Burada həmçinin baramaçılıq da inkişaf etdirilir. 2 hektar sahədə çin mənşəli tut bağı hərtərəfli aqrotexniki qulluqla əhatə olunub. Müasir texnologiyalar əsasında 495kvm-lik kümxana tikilib istifadəyə verilib. Təsərrüfatın nəzdində həmçinin çay-çəkici bükücü sexi və tingçilik sahəsi var. Tingçilik təsərrüfatında elit tut tingləri yetişdiririlir. Tut bağı 38 rayon arasında keçirilən monitorinqdə 1-ci yeri tutub. Heyvandarlıq fermasında ətçilk və südçülük istiqaməti inkişaf etdirilir. Təsərrüfatın ixtisaslaşmış mağazası var. Həmçinin bir neçə gölü var ki, burada balıqçılıq inkişaf etdirilir. Çay çəkici-bükücü sexində 100 adda ekoloji cəhətdən yüksək keyfiyyətli qara çay və bitki çayları istehsal edilir. Məhsulun satışı məqsədilə Lənkəran şəhərində də ixtisaslaşmış 2 dükanı fəaliyyət göstərir. “Şəhərdən Kəndə” layihəsinə də qoşulan fermer təsərrüfatında məhsulun ekoloji cəhətdən təmizliyi və keyfiyyətinə xüsusi diqqət yetirilir.

Plantasiyalar arasında küləkdən qoruyucu zolaqlar salınıb. Burada əkilən həmişəyaşıl ağaclar plantasiyalara xüsusi gözəllik verir.

Beləliklə, göründüyü kimi “Yaşıl çay” çoxşaxəli balanslaşdırılmış bir təsərrüfatdır. Bu da təsərrüfatın daim balanslı şəkildə fəaliyyətini təmin etməklə onun ilbəil yüksəlişini təmin edir.

Hər il təsərrüfat rayona gələn çoxlu turisti qəbul edir. Belə ki, 2018-19-cu illərdə turizm şirkətləri xəttilə rayona gələn 3500 turist təsərrüfatın da qonağı olub. Gələn turistlərə təqdim edilən “Yaşıl çay plantasiyaları”, “Tingçilik təsərrüfatı”, “Tut bağı”, “Müasir barama kümxana kompleksi”, “Göllərimiz”, “Müasir tipli çay çəkici-bükücü sexi” və təsərrüfatın nəzdində fəaliyyət göstərən “Çay muzeyi” marşurutlarına həvəslə baş çəkiblər.

Təsərrüfatın rəhbəri, təcrübəli iş adamı Araz Yağubov bildirir ki, çay yığımı zamanı istehsal prosesinə xələl gəlməsin deyə biz onlara yalnız emal dövrü başa çatdıqdan sonra sexlə tanışlıq şəraiti yaradırıq. Lakin tur paketlə gələn ailələrə mövsüm zamanı da sexdə gedən emal prosesi ilə tanış olmaq şəraiti yaradılır. Muzeyimizə gələn qonaqlara istehsal etdiyimiz çay və çayçılığın inkişaf tarixi və keçdiyimiz yol, təsərrüfatın qonaqları barədə ətraflı məlumat veririk. Gələn turistlərimizi çay süfrəsinə dəvət edir, onlara ayrı-ayrı çaylarımızla tanış edirik.

Qeyd etməliyəm ki, biz eyni vaxtda 100 nəfər turisti qəbul edib onlara hər cür zövqə uyğun nahar və günorta yeməyi təklif etmək inkanına malikik. Bu məqsədlə çay plantasiyalarının arasında müasir tipli “Nilado” restoranı-qonaq evini istifadəyə vermişik. Burada qonaqların istəyindən asılı olaraq nahara bizə məxsus heyvandarlıq fermamızda emal edilmiş ekoloji təmiz süd məhsulları - süd, şor, pendir, yağ, həmçinin qaynadılmış yumurta, qayğanaq, bal, yerli meyvələrdən hazırlanmış mürəbbələr, şirniyyatlar, isti yeməklərdən südlü aş və s. yeməklər təqdim edə bilərik. Günorta yeməyinə isə yenə turistlərin istəyindən asılı olaraq zəngin Lənkəran mətbəxinə aid hər cür yemək süfrəsi təşkil olunur.

2021-ci ildə karantin məhdudiyyətinə baxmayaraq 4000 nəfərdən çox xarici və daxili turist təsərrüfatımıza baş çəkib, Talış dağlarının ətəyində yerləşən çay plantasiyalarına, daxili göllərə, tut bağına baxıb, çay yığımında iştirak edib, barama qurdlarının yemlənməsinə, çayın emal prosesinə tamaşa ediblər.

Aqroturizm həvəskarı ilə bağlı yeni layihələrimiz də var. Çay plantasiyasında quracağımız mini çay emalı sexində 3 növ çay emal ediləcək. Gələn qonaqlar çay dərib həmin mini sexdə emal prosesində iştirak edəcək, sonra isə emal etdikləri çayı dəmləyib dadına baxacaqlar. Layihəmizdən xoşlanan alman turistləri bizimlə müqavilə bağlayıblar. Artıq aprel ayında onlar təsərrüfatımıza gələcək, çay yığımında iştirak edəcək, yaşıl çayın quru çaya çevrilmə prosesində iştirak edəcəklər.

Novruz bayramı ərəfəsində isə qonaqlar hər cür xidmətlə əhatə olunacaqlar. Burada turistlərə milli mətbəximizə aid yeməklərin necə bişirilməsi, istifadə edilən qablar nümayiş etdiriləcək, nehrə çalınması, həsir toxunması və digər milli adət ənənələrimizə aid proseslərdə turistlərin iştirakını təmin edəcəyik.

Sərraf Talıbov