Rusiya-Ukrayna gərginliyi regiona nə vəd edir? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

26 Yanvar 2022 10:41 (UTC+04:00)

"Baydenin hakimiyyətə gəlməsi ABŞ-ın xarici siyasətində müəyyən prioritetlərin dəyişməsinə səbəb oldu. Tramp dövründə Rusiya ilə münasibətlərdə müəyyən qırmızı xətlər gözlənilirdi, lakin Baydenin hakimiyyətə gəlişi bir çox radikal dəyişikliklərə səbəb oldu. Bayden 2013-14-cü illərdə Ukraynada “Maydan” hadisələrində xüsusi rol oynayan simalardan biridir. Tramp dönəmində Donbas məsələsi Ağ Evin gündəmindən çıxarılsa da və tərəflər arasında nisbi sakitlik qorunsa da, Baydenin geri dönüşündən həmən sonra Ukraynanın Şərqində gərginliyin artması ondan xəbər verir ki, yeni adminstrasiya Rusiya ilə mübarizəni məhz Ukraynada aparmağı planlayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Tramp əsas düşmən obrazında Çini görürdü: "Çinlə iqtisadi-ticarət müharibələri ABŞ-ın əsas xarici siyasət tələblərindən biri idi. Amma Baydenin hakimiyyətə gəlməsi ABŞ-ın xarici siyasətində müəyyən prioritetlərin dəyişməsinə səbəb oldu. Təbii ki, bütün bunlar nəinki Rusiyanı öz sərhədlərindən bir addım da olsa çıxmağa imkan verməmək, eyni zamanda onun Şərqi Avropa sərhədlərinədək dayanıb, Qara dənizdə hegemonluq məqsədi daşıyır. Bununla belə, Ukraynanın Rusiyadan tamamilə qopub Qərbə inteqrasiya edəcəyi mümkün deyil. Bu heç zaman mümkün olmayacaq. Çünki Ukrayna bir slavyan, pravoslav ölkəsidir, əhalinin əksəriyyəti rus dilində danışır, Rusiyaya rəğbətlə yanaşır və s. Ölkə Rusiyadan enerji asılılığı şəraitindədir. Ukrayna ən yaxşı halda Rusiya ilə Qərbi Avropa arasında bufer zona, sanitar koridor rolunda çıxış edə bilər. Sual oluna bilər ki, polyaklar, çexlər, slovaklar da slavyan xalqlarıdır. Bəs necə olub ki, onlar Qərbə daha çox inteqrasiya edib, Ukrayna yox. Bunun bir çox səbəbləri var, amma bunlardan biri şərq slavyanlarının katolik olmasıdır.

Digər tərəfdən indiki rusların və ukraynalıların məzhəb eyniliyindən başqa, tarixən ortaq tərəfləri də çoxdur. Tarixdə Kiyev Rus dövləti kimi bir dövlət rusların və ukraynalıların ortaq dövləti olmuşdur. Xalqları minilliklər boyu birləşdirən həm də din amilidir. Kiyev pravoslav kilsəsi Moskva Patriarxlığına tabedir. Qərbin Ukraynanı Avropaya inteqrasiyaya təhrik etməsi səbəblərindən biri də slavyan sivilizasiyasını və xristiyanlığın pravoslav məzhəbini zəiflətmək ola bilər. 1030 ildir ki, mövcud olan birliyi parçalamaq asan məsələ deyil. Məsələ burasındadır ki, bütpərəst olan ruslar xristianlığı 988-ci ildə, indiki Ukrayna ərazisində, Kiyev rus dövlətində qəbul edib. İndi isə katolik Qərb - ABŞ və Avropa rusların ilk dövlətçiliyinin mövcud olduğu, xristianlığı qəbul etdikləri, slavyan sivilizasiyasının bir hissəsi olan, Rusiyanın özünün əbədi nüfuz dairəsi hesab etdiyi Ukraynanı öz maraq zonasına daxil etməkdədir. Bu, Rusiya və Ukrayna arasında hərbi, siyasi, iqtisadi, mədəni sahələrdə olduğu kimi, dini sahədə də münaqişəli bir vəziyyət yaradıb. Hazırda katolik dünyasında vahid dini lider Roma Papası, vahid mərkəz Vatikanın olması Qərb dünyasının birliyini təmin edən mühüm amildir. Lakin pravoslav dünyasında bu cür vahid mərkəz, vahid dini lider məsələsi problem olaraq qalır. Ukraynada üç pravoslav kilsəsi var. Onlardan yalnız biri Rus pravoslav kilsəsinə tabedir. İkisi isə 1990-cı illərdə yaradılıb və ruslar tərəfindən separatçı kilsələr kimi qəbul edilir. Rus pravoslav kilsəsi Ukrayna kilsəsinin avtokefaliya əldə edərək müstəqil olmasını müasir dövrdə xristianlıqda böyük parçalanmaya səbəb olacağını desə də, Ukrayna bu məsələdə çox iddialıdır".

Politoloq sözlərinə belə davam edib: "SSRİ-nin parçalanmasından sonra hər bir Ukrayna prezidenti Moskvaya tabe olmayan müstəqil kilsənin yaradılması planı üzərində işləyib. Donbasda döyüşlər şiddətlənəndə isə bu planı daha da reallığa çevirməyə çalışıldı, çünki Ukrayna pravoslav kilsəsi Kremlin maraqlarına xidmət etməkdə günahlandırılırdı. Moskva yalnız öz tabeliyində olan Ukrayna kilsəsini kanonik, yəni qanuni kilsə hesab edir və hesab edir ki, yeni müstəqil kilsələrin olması təfriqəçiliyin leqallaşmasına, xristian dünyasında parçalanmaya və pravoslav müharibəsinə gətirib çıxara bilər. Rusiyanın bu məsələdə bir çox müttəfiqləri var. Məsələn, Suriyadakı Antioxiya kilsəsi Moskvanın tərəfindədir, çünki hazırda Rusiyanın Suriya üzərində böyük təsiri var. Serbiya patriarxlığı da Moskva ilə həmfikirdir. Gördüyümüz kimi, Ukrayna ABŞ-ın Rusiyaya qarşı bütün istiqamətlərdə mübarizə aparmasında əsas meydanlardan biridir. Ancaq potensial olaraq Moldova, Ermənistan, Gürcüstan da artıq Rusiya-ABŞ münaqişəsinin poliqonuna çevrilib. Təbii ki, Rusiya ilə Ukrayna arasında müharibə inandırıcı deyil. Rusiya Ukraynada Ukrayna ilə deyil, Qərblə savaşır. Qərb Rusiya ilə açıq müharibəyə girişməkdən çəkinir və onun gücünü bu yollarla tükəndirməyə çalışır. Lakin Rusiya qalib olacaq. Çünki bu, tarixin qanunauyğunluğudur. Qərbin inkişaf etmiş sənayesi varsa, Rusiyanın da ona xeyli təzyiq imkanları var. Müasir silahlar, zəngin resurslar, insan ehtiyatları və s. Rusiyanın məğlubiyyəti tarixin sonu olar. Tarixə təkan verən Şərq və Qərb, Rusiya və ABŞ arasında rəqabətdir".

Ayşən Vəli