ABŞ strateji ehtiyatından yeddi şirkətə neft verəcək

26 Yanvar 2022 04:58 (UTC+04:00)

ABŞ hakimiyyəti strateji ehtiyatından ümumilikdə 13,4 milyon barel nefti yeddi şirkətə təhvil verəcək.

SİA xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ehtiyatdan çıxarılacaq neft “Shell”, “Trafigura”, “Phillips 66”, “Macquarie”, “Chevron”, “ExxonMobil” və “BP” şirkətləri tərəfindən qəbul ediləcək: “Köçürmə mübadilə proseduru qaydasında həyata keçirilir. Sonradan şirkət borc götürdüyü xammalı tam həcmdə və əvvəlcədən razılaşdırılan “neft şəklində əlavə ödəniş” nəzərə alınmaqla qaytarmağa borcludur”.

Qeyd edək ki, 2021-ci ilin noyabrında ABŞ prezidenti Co Bayden ölkənin strateji ehtiyatlarından 50 milyon barel neftdən istifadə etmək qərarına gəlib. Ağ Evdən bildirilib ki, bu addım amerikalılar üçün yanacağın qiymətlərini azaltmaq və yeni koronavirus pandemiyasından sonra qlobal bazarda tələb və təklifi sabitləşdirmək məqsədi ilə atılır.