3 tondan çox narkotik maddələrin keçirilməsinin qarşısı alınıb - GÜLOĞLAN MURADLI

25 Yanvar 2022 18:12 (UTC+04:00)

"Ötən il ölkəyə 3 tondan artıq narkotik maddələrin keçirilməsinin qarşısı alınıb. 2021-ci ildə ölkəmizə ümumi çəkisi 3 t 43 kq 507 qr olan narkotik maddələrin keçirilməsinin qarşısı alınıb". SİA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı bildirib.

O, bu barədə Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda keçirdiyi təlimin II günündə danışıb. Məlumatda bildirilib ki, aşkar olunan narkotiklərin 2 t 106 kq 134 qramı heroin, 194 kq.122qramı – metamfetamin, 44 kq 672 qramı – həşiş, 698 kq 207 qramı – tiryək və digər növ narkotik vasitələr olub. O bildirib ki, narkotikin əsas keçirilmə yeri ölkəmizin cənub sərhəddidir. Bu işlərdə maarifləndirmə işlərinin əhəmiyyətindən danışan general-mayor media nümayəndələrini bu işdə daha da aktiv iştirak etməyə çağırıb.

Kəmalə Təyyarqızı