2022-ci ilin ilk premyerası ŞƏRH

25 Yanvar 2022 17:07 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Bir Xəzər əfsanəsi" baleti oynanılacaq

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi, əməkdar müəllim, beynəlxalq müsabiqələr laureatı Lalə Cəfərova çağdaş musiqimizdə imzası olan, akademik əsərləri ilə ölkəmizdə, eləcə də dünya ölkələrində tanınan bir bəstəkar kimi dəsti-xəttini, imzasını musiqi dünyamıza həkk edib. Çağdaş musiqimizdə klassik ənənələri yaşatmaq və bu günün zövqlü musiqisevərlərinə mükəmməl əsərlər təqdim etmək böyük zəhmət və istedad tələb edir ki, Lalə xanım da onilliklərdir ki, professional musiqimizin inkişafına öz töhfələrini verir. Uşaqlıqdan musiqi dünyasına qədəm qoyan musiqiçinin qəlbinin hökmü əsərlərində özünü büruzə verir. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda fortepiano sinfini bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iki ixtisas üzrə fortepiano və bəstəkarlıq fakültələrini, daha sonra isə bəstəkarlığın aspiranturasını fərqlənmə diplomları ilə bitirib. Peşəkar musiqiçi kimi fəaliyyətdə olduğu zaman məsafəsində məqsədyönlü fəaliyyəti nəticəsində Lalə xanım uğura aparan bir-birindən fərqli janrda olan əsərləri ilə böyük konsert salonlarına yol açdı. Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin konsert salonlarında Lalə xanımın akademik əsərlərinin sədası eşidildi. Alqış alqışı əvəzlədi. Sənətkar üçün bundan qiymətli, dəyərli nə ola bilər ki? Simfonik əsərlərin, fortepiano və simfonik orkestr üçün 2 konsertin, simfonik süitaların, vokal, xor əsərlərinin, kamera instrumental və caz əsərlərinin, bədii-dokumental filmlərin musiqisinin, bir çox mahnıların və 5 dərs vəsaitinin müəllifi olan Lalə xanım yorulmaq bilmədən musiqi dünyasında yeni-yeni zirvələr fəth etdi. Zamanın ahəngində klassik ruhu yaşatdı.

Lalə xanım musiqi əsərlərinin ifasını dinləməklə ən böyük rahatlığına nail olur, mənəvi rahatlığını bu dünyada - ömrünü həsr etdiyi və sevərək bağlandığı musiqi dünyasında tapır. Əlbəttə ki, bu uğurlar asan və hamar yollardan keçməyib. Mütaliə, yaratmaq, üzərində çalışmaq, ustad sənətkarların yaradıcılığını öyrənmək və böyük konsert salonlarında, bəzən də kiçik bir məkanda klassik əsərləri dinləmək və onları həzz etmək, daxilən duymaq, analiz etmək, eləcə də böyük bir salonda konsert vermək həyəcanı və s. böyük bəstəkarın sənət yolunda cığırlar açıb. Bəstəkarın portret cizgilərini üzə çıxaran məsuliyyət və tələbkarlıq onun yaradıcılıq kredosuna daha da yaxınlaşdırır. Əsərləri Azərbaycan Bəstəkarlarının Antologiyasına daxil edilib. Respublika və beynəlxalq konfranslarda elmi məqalələri ilə çıxışlar edib. Yaşadığı ömrün hər bir ilinə bir müvəffəqiyyət yazılıb. 2001-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının, Gənclər və İdman Nazirliyinin təqdimatı ilə simfonik əsər nominasiyası üzrə "İlin ən yaxşı bəstəkarı" mükafatına layiq görülüb. Dəfələrlə Bəstəkarlar İttifaqında keçirilən müxtəlif bəstəkarlıq müsabiqələrinin qalibi olub. "Tar və simfonik orkestr üçün rəqslər"lə və simfonik orkestr üçün "Bu gecə" romansı Azad Əliyevin dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Simfonik orkestrinin ifasında lentə yazılıb. 2002-ci il, 2 avqust tarixində Ümummilli Liderimiz Heydər Əliyevin Sərəncamı ilə keçirilən "Azərbaycan Sərhəd qoşunları bu gün" adlı müsabiqəsinə təqdim etdiyi solist, nəfəs alətləri orkestri və xor üçün "Sərhədçi" marşına görə diplom və mükafata layiq görülüb. VI Qəbələ Beynəlxalq Musiqi Festivalında fortepiano və simfonik orkestr uçun bəstələdiyi 2 saylı konsertini (atasının əziz xatirəsinə həsr etdiyi) ifa edib. Əsərləri mütamadi olaraq, dünyanın məşhur bəstəkarları ilə yanaşı, ABŞ-da ifa olunub. Lalə Cəfərovanın əsərləri müxtəlif səhnələrdə böyük uğurla səslənir və bir çox mükafatlara layiq görülüb. 2006-cı ildə Azərbaycan Yazıçılar Birliyi, "Belçika Azərbaycan evi" və "Avropa xəbər qəzeti" nin mahnı müsabiqəsinə təqdim etdiyi "Bakı-Tbilisi-Ceyhan" mahnısına görə I mükafata layiq görülüb. ABŞ da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş konsertdə əsərləri ifa olunub.

2018-ci ildə Türkiyədə keçirilən Beynəlxalq müsabiqədə bəstəkarlıq nominasiyası üzrə Qran Piri diplomu qazanıb. 2019-cu ildə "Yarat" Mərkəzində "Musiqinin sehri" adlı estrada və caz əsərlərindən ibarət müəllif konserti təşkil olunub.

Lalə xanımın yaradıcılığından söz açarkən, onun filmlərə yazdığı musiqi əsərlərini də qeyd etməliyik. O "Qafqazın bu üzündə" sənədli filminə musiqi bəstələyib. (Bir saatlıq film Qarabağda baş verən hadisələrdən bəhs olunur). Xatırladaq ki, 2004-cü ildə bəstəkar "Qız qalası" sənədli filminə musiqi yazmış və həmin film dünyanın müxtəlif ölkələrinə müsabiqəyə göndərilmişdir. 2021-ci il 2 noyabrda "Zəfər günü"nə həsr olunmuş "Qarabağ Azərbaycandır" konsertində onun bəstələdiyi "Zəfər Marşı" Heydər Əliyev Sarayında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Xor Kapellası və solist - Fəxri Kazım Nicatın ifasında uğurla səslənmişdir. Əsər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə həsr olunmuşdur. Əlbəttə ki, Lalə xanım bəstəkarlıq fəaliyyəti ilə yanaşı, 30 ildir ki, pedaqoq kimi də çalışır. O, bu illər ərzində nəfəs və zərb alətləri kafedrasında partitura qiraəti, orkestrləşdirmə, nəfəs və zərb alətləri ifaçılıq sənətinin tarixi və müasir istiqamətləri fənnlərindən dərs deyir. 30 illik pedoqoji fəaliyyəti ərzində yetişdirdiyi tələbələri, hazırda respublikanın müxtəlif musiqi müəssisələrində fəaliyyət göstərirlər və fəxri adlarla təltif olunublar.

Bu gün Lalə Cəfərova yaradıcılının ən yüksək nöqtəsindədir. Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində Lalə xanımın "Bir Xəzər əfsanəsi" baleti tamaşaya qoyulur. Belə ki, 30 yanvar tarixində baletin premyerası keçiriləcək. İncəsənətin ən maraqlı sahələrindən olan baletə bəstəkarın müraciət etməsi, əlbəttə ki, onun geniş yaradıcılıq imkanlarına malik olmasının göstəricisidir. Tamaşa maraqlı süjet əsasında qurulub. Akademik əsərlər müəllifinə uğurlar arzulayır, sənət sevincinin davamlı olmasını diləyirik.

Nəzakət ƏLƏDDİNQIZI