İşğaldan azad olunmuş ərazilərə gedənlərin sayı durmadan artır - QURUM RƏSMİSİNDƏN AÇIQLAMA

25 Yanvar 2022 16:46 (UTC+04:00)

“Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi yanında dövlət avtomobil nəqliyyatı tərəfindən 24 yanvar tarixindən etibarən işğaldan azad edilmiş ərazilərimizə ilkin müntəzəm marşurut xətləri həyata keçirilir. Qeyd etmək istərdim ki, Bakı-Şuşa-Bakı, Bakı-Ağdam-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bərdə-Ağdam-Bərdə istiqamətində reyslər fəaliyyət göstərir”. Bu sözləri Sia-ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva bildirib.

Onun sözlərinə görə, reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir: "Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL-Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.

Bakı-Şuşa-Bakı istiqamətində artıq biletlər fevral ayının 2-nə kimi satılmışdır. Dünən ki, səfərdə Bakı-Şuşa-Bakı üzrə 47, Bakı-Ağdam-Bakı üzrə isə 43 yer dolmuşdu. Avtobuslar konkret marşrut üzrə hərəkət edəcək. İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada "yolumuzqarabaga.az" saytından əldə edə bilərlər”.