Şəhid ailələrinə yardımın göstərilməsi Prezidentin daima diqqət mərkəzindədir - ŞƏRH EDİLDİ

25 Yanvar 2022 16:13 (UTC+04:00)

"Şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsi məsələsi Azərbaycan dövlətinin və dövlət başçısının daim diqqət mərkəzində olub və bu gün də diqqət mərkəzindədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, 2021-ci il yanvarın 7-də cənab Prezident İlham Əliyevin fərmanı ilə ölkədəki şəhər və rayon İcra Hakimiyyətləri strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması da bu sahədəki işlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və neqativ halların aradan qaldırılması məqsədinə xidmət edir: "Öncə onu xatırladım ki, bu kateqoriyadan olan insanların sosial müdafiəsi bir çox istiqamətlər üzrə həyata keçirilir. Məsələn, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhid ailələrinə və onlara bərabər tutulan şəxslərin ailələrinə 11 min manat məbləğində sığorta ödənişi həyata keçirilib. Həmin qanuna uyğun olaraq əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlilliyin dərəcəsinə görə müvafiq olaraq 8800, 6600 və 4400 manat olmaqla sığorta ödənişi həyata keçirilir. Hətta ağır xəsarət və yüngül xəsarət almağa görə də hərbi qulluqçulara müvafiq sığorta ödənişləri edilir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən şəhid ailələrinə və müharibə əlillərinə müvafiq Prezident təqaüdü ödənilir. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil və ya fərdi evlə təminatı, təhsil haqqından azad edilməsi, müəyyən vergi güzəştləri, rüsumlardan azad edilməsi, sosial müavinətlər, işlə təminatı, məşğulluğunun təmin edilməsi, reabilitasiya xidməti, sanatoriya-kurort putyovkaları ilə təminatı və s. də şəhid ailələrinin, müharibə əlillərinin sosial rifahının yaxşılaşdırılmasına yönəlik addımlardır. Təkcə belə bir faktı xatırladım ki, indiyədək 12 min şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi evlər verilib, 7400 müharibə əlili avtomobillə təmin edilib və bu proses bu gün də davam edir, gələcəkdə də davam edəcək.

Bütün bunlara əlavə olaraq deyim ki, müxtəlif fondlar, qeyri-hökumət qurumları, xeyriyyə təşkilatları da bu kateqoriyadan olan insanlara sosial yardımlarını davam etdirməkdədirlər. Bu sırada həmişə olduğu kimi, Heydər Əliyev Fondu ön sırada durur. Bu da təsadüfi deyil. Fondun Prezidenti, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva həssas kateqoriyadan olan insanların həmişə ümid və kömək ünvanı olub. Azərbaycan Respublikadının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu da qısa vaxtda şəhid ailələrinə və müharibə əlillərinə böyük dəstək nümayiş etdirib. Şübhəsiz ki, sosial yardımların ünvanına çatdırılmasında, veteranlarımızın işlə təmin edilməsində yerli icra orqanlarının da üzərinə böyük məsuliyyət düşür.

Hər kəs bilməlidir və əmin olmalıdır ki, 44 günlük Vətən Müharibəsi ilə xalqımıza şərəfli və möhtəşəm bir Zəfər yaşadan Müzəffər Ali Baş Komandanımız bu Zəfəri səngərdə qazanan şəhidlərimizin ailələrini, qazilərimizi və veteranlarımızı daim diqqət mərkəzində saxlayır və saxlayacaqdır".