Ayağı sayalı “Şuşa İli” - azad edilmiş rayonlara marşrutların açılması və ilk "Ağıllı kənd"in inşası başa çatdı TƏHLİL

25 Yanvar 2022 15:56 (UTC+04:00)

Prezident İlham Əliyev: “Mənim sözüm imzam qədər qüvvətlidir!”

Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində də xalqın böyük dəstəyini qazanmış və Azərbaycanın siyasi və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə və bir sıra vacib sahələrdə mühüm uğurlara imza atmasına nail olmuşdur.

Və 2022-ci ilin «Şuşa İli» elan olunması və bu ilin ilk ayından ayağı sayalı olması, məhz Prezident İlham Əliyevin xalqın - hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”,-deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!Müzəffər Ali Baş Komandanın “Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik”.

Bəli, nəticə göz qabağındadır. Bu gün - 29 ildən sonra isə dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı artıq bərpa olunub.

İŞĞALDAN AZAD EDİLMİŞ RAYONLARA MARŞRUTLAR AÇILMASI İLK "BÖYÜK QAYIDIŞ"IN ADDIMLARI

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalından azad olunmuş ərazilərimizdə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Yeni infrastruktur və sosial layihələr icra olunur, müasir avtomobil və dəmir yolları çəkilir, hava limanları açılır. Bu baxımdan, azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına tələbatın təmin edilməsi, beləliklə, nəqliyyat xidmətlərinin bərpası sosial zərurətdən irəli gəlir və əsas prioritetlərdəndir.

Şübhəsiz, Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yaradılmasıdır. Artıq azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması baş tutdu.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətovun sözlərinə görə, təhlükəsizlik tədbirləri və infrastruktur imkan verdiyi təqdirdə işğaldan azad olunan digər istiqamətlərdə də sərnişin marşrutlarının açılması təmin ediləcək. Bununla bağlı hər hansı qərar qəbul olunduqda, ictimaiyyətə məlumat veriləcək: “Hazırda elan olunan istiqamətlər Şuşa və Ağdamdır. Bunun da başlıca səbəbi təhlükəsizlikdir. Artıq Şuşa şəhərində minatəmizləmə işləri aparılarkən ərazinin o qədər də çirklənmədiyi, yalnız mərmi sursatları aşkarlandığı məlum olub. Bununla yanaşı, bildiyiniz kimi, ora aparan müasir “Zəfər” yolu inşa olunub, istismara verilib və sərnişinlər ora təhlükəsiz qaydada çata bilərlər. Ağdama ötən ilin yay aylarından etibarən silsilə səfərlər təşkil olunub. O marşrut özü də tamamilə təhlükəsiz hesab olunur”. O həmçinin əlavə edib ki, hazırda bu istiqamətlər üzrə yalnız Azərbaycan vətəndaşları səfər edə bilər: “İndiki mərhələdə bu, yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulur. Onlar həmin ərazilərə yalnız gedib, ziyarət edib və geri dönə bilərlər”.

Həmçinin o da vurğulanıb ki, reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala biləcəklər. Bir sözlə, bu marşrutların açılması “Böyük Qayıdış”ın çox iri addımlarından biridir.

BEYNƏLXALQ STANDARTLARA ƏSASLANAN YENİ İNKİŞAF MODELİ - İLK "AĞILLI KƏND"İN İNŞASI BAŞA ÇATDI

Prezident İlham Əliyev Zəngilan rayonunda birinci "ağıllı kənd" layihəsinin təməlqoyma mərasimində bildirib ki, bu dağılmış Ağalı kəndi bərpa olunacay. Artıq bu gün Zəngilan rayonunun Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası başa çatıb. Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən "Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu" mövzusunda konfransda bildirib ki, Zəngilan rayonunun Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası başa çatıb: «Zəngilandakı "Ağıllı kənd" işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın ilk məntəqəsi olacaq. Hazırda nazirlik kəndə köçürüləcək ilk vətəndaşların yaş qrupları, peşə ixtisasları və digər kateqoriyalar üzrə təsnifat aparır. Xüsusilə də qadın icmaların doğma yurdlarına qayıdışdan sonra iş imkanları müəyyənləşdirilir. 30 illik fasilədən sonra öz yurdlarına qayıdacaq soydaşlarımızın kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olmaq üçün imkanları "Ağıllı kənd"in layihəsində ilk gündən nəzərə alınıb. Hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci "Ağıllı kənd"in inşasına hazırlıq görülür", - deyə o, qeyd edib.

“AĞILLI ŞƏHƏR” VƏ “AĞILLI KƏND” STRATEGİYASINA UYĞUN OLARAQ ATILAN ADDIMLAR

Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması, yeniləşməni, modernləşməni həyata keçirdiyi siyasətin əsası kimi qəbul etməsi işğaldan azad edilmiş ərazilərimizdə bərpa, quruculuq işləri çərçivəsində həyata keçirilən layihələrdə də özünün aydın ifadəsini tapır. Belə ki, dövlət başçısı İlham Əliyevin “Ağıllı şəhər” və “Ağıllı kənd” strategiyasına uyğun olaraq atılan addımlar bir daha ölkəmizin gücünün və qüdrətinin, hansı imkanlara malik olmasının təqdimatıdır. Göründüyü kimi, azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bu, artıq reallıqdır. Zəngilanda birinci “ağıllı kənd”in inşası başa çatdı. Tezliklə Ağalı kəndi sakinlərini qarşılayacaq, soydaşlarımızın Böyük Qayıdışı başlayacaq. Bu da, öz növbəsində, son illər dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına dəstək olacaq. Soydaşlarımızın bu torpaqlara Böyük Qayıdışı ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni təmin edəcək və Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranacaq.

Sevindirici və qürurvericidir ki, bir ildir qalib Lider İlham Əliyevin “Ağıllı şəhər” və “Ağıllı kənd” strategiyasına uyğun olaraq atılan addımlar bir daha ölkəmizin gücünün və qüdrətinin, hansı imkanlara malik olmasının təqdimatıdır. Və qalib ölkənin qalib Prezidenti kimi işğaldan azad edilmiş ərazilərimizə hər səfəri və səfər çərçivəsində Qarabağımızın cənnətə çevrilməsi üçün tapşırıqlarını verməsi, müəyyən obyektlərin yenidən bərpa olunduqdan sonra açılışında, həmçinin təməlqoyma mərasimlərində iştirak etməsi, şəhərlərin baş planı təqdim olunması, bir sözlə bütün bu işlər dövlət başçımızın sözünün imzası qədər güclü oluğunun reallıqlarıdır. Və azad edilmiş ərazilərdə ilk “Ağıllı kənd”in inşasının başa çatması Qarabağa “Böyüş Qayıdış”ın başlandığı ilk addımıdır. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, yaxın illərdə Qarabağ yenidən cənnətməkana çevriləcək.

Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin gələcək inkişafı çox uğurlu olacaq. Bəli, bu günədək Azərbaycan Prezidentinin bəyan etdiyi bütün hədəflərə nail olunması bunu təsdiqləyir. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır.

Bəli, bu gün bütün bərpa işləri planlı şəkildə və yüksək səviyyədə görülür. 2022-ci ilin ilk ayından başlayaraq işğaldan azad olunmuş torpaqlarda görülən işlərin uğurlu, sevincdolu müjdəsini eşitmək hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi olur ki, torpaqların əsl sahibləri qayıdıb...Və mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanların öz el-obalarına geri dönəcəklər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI