Olaf Şolts Rusiya-Ukrayna gərginliyinə münasibət bildirib

25 Yanvar 2022 00:02 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiyanın Ukraynanın şərq sərhədindəki hərbi fəallığı Avropanın sülh və təhlükəsizliyinə təhdiddir.

SİA-nın əldə etdiyi məlumata görə, Olaf Şolts "Süddeutsche Zeitung"a verdiyi açıqlamada Rusiya ilə Ukrayna arasındakı gərginliyə toxunaraq deyib ki, vəziyyət çox ciddidir. Rusiya tərəfindən Ukrayna sərhədində yüz min əsgər və çoxlu sayda hərbi texnika yığınağı olub. Buna göz yummaq olmaz. Bunun heç bir məntiqi izahı yoxdur. Bu, Avropanın sülh və təhlükəsizliyinə təhdiddir.

Sərhədlərin şübhə altına alınmamasının “yumşalma siyasəti”nin və 1990-cı ildən sonra əldə edilən razılaşmaların nailiyyətlərindən biri olduğuna diqqət çəkən Şolts "Bunun mənası bəzi kitablarda sərhədlər fərqli çəkilib deyə zorakılıq yolu ilə sərhədləri dəyişdirə bilmərikdir. Tətbiq edilməli olan hərbi güc deyil, qanunlar və qaydalardır" deyib.

Krımın ilhaqının Helsinki yekun sənədinin Rusiya tərəfindən ciddi şəkildə pozulması olduğunu qeyd edən Almaniya kansleri "Ukraynanın şərqindəki vəziyyət təhlükəli olaraq qalır və eyni zamanda bu prinsiplərin pozulmasıdır" deyə vurğlayıb.

Almaniya kansleri Rusiyanın Ukraynaya qarşı hərbi hücumu olacağı təqdirdə daha əvvəl verdiyi açıqlamaya işarə edərək, bunun Rusiyaya çox baha başa gələcəyini bir daha xatırladıb.