Örnək olan zəngin və mənalı həyat yolu TƏHLİL

24 Yanvar 2022 17:10 (UTC+04:00)

"Azərbaycanın elmini, təhsilini, səhiyyəsini, iqtisadi potensialını və sənayesini yaratmış insanlar Azərbaycanın bugünkü müstəqilliyinin bünövrəsini qoymuşlar"

Ulu Öndər Heydər Əliyev

Əsrlərə söykənən Azərbaycan tarixinin keşməkeşli zamanında böyük İNSANlar, şəxsiyyətlər, ziyalılar nəsli yetişmiş və hər birinin bu məmləkətin inkişafında, xalqın maariflənməsində, işıqlı gələcəyimizə böyük töhfələri olmuşdur. Belə insanlar bizim yaddaşımıza, tariximizə elə silinməz izlər salıb ki, onların keçdiyi həyat yolu, elmi fəaliyyətləri, tarixi sima olaraq ictimai-siyasi həyatdakı rolları hər zaman xatırlanır, hətta nümunəvi bir ömür olaraq yolumuzda bir mayakdır. Zəngin tariximizin hər əsrində, onilliyində belə sayseçmə insanlar olub ki, onların bəşəri hissləri, əməlləri məhz Azərbaycan adlı bir məmləkən tanınmasında, var olmasında müstəsnadır. Hər bir sahədə əldə etdikləri uğurları, elmi nailiyyətləri, novatorluqları, dəsti-xəttləri ilə yanaşı, nəcib əməllərini də üzə çıxarıb. Çətin illərdə yaşamış insanların fədakar ömürləri neçə-neçə nəslə nümunəyə çevrilib. Azərbaycanın sədaqətli övladı, görkəmli dövlət və elm xadimi, akademik Əziz Əliyevin adı da əbədi olaraq əməllərinin işığında tarixiləşdi. Müasirləri onu "Cəmiyyətin təbibi" adlandırırdılar. Ulu Öndər Heydər Əliyev görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində çıxışı zamanı vurğuladığı kimi, "İndi biz azad insanlarıq. O illərdə çalışan, Azərbaycanın elmini, təhsilini, səhiyyəsini, iqtisadi potensialını və sənayesini yaratmış insanlar Azərbaycanın bugünki müstəqilliyinin bünövrəsini qoymuşlar. Biz onları unutmamalıyıq, onları xatırlamalı, onların xidmətlərini lazımınca qiymətləndirməliyik. Bu adamlar arasında Əziz Əliyev də var".

Bəli, imzası ilə tanınan və şöhrətlənən Əziz Əliyev. Zəngin fəaliyyəti, zəhməti, əməyi və istedadı ilə özünə həmişə oxunacaq bir tərcümeyi-hal yazdı. Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının (İrəvan xanlığının) Hamamlı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilinin bir hissəsini həmin kənddə, bir hissəsini Rusiyada gimnaziyada, daha sonra isə İrəvandakı kişi gimnaziyasında almışdır. Həmin vaxtlar Əziz Əliyevin bibilərindən Göyçək xanım ailəsi ilə birlikdə Rusiyada şəhərində yaşayırdı və o, bir müddət bibisigildə qalıb təhsilini orada davam etdirmişdir. Əziz Əliyev 1914-cü ildə yay tətili günlərində İrəvana gəlir. Lakin I Dünya müharibəsinin başlanması ilə əlaqədar yollar bağlandığına görə geri qayıda bilmir. Odur ki, İrəvan gimnaziyasında oxuyaraq, 1917-ci ildə oranı əla qiymətlərlə başa vurur.

"GƏNCLİK İLLƏRİNDƏ BUNU HEÇ DƏ HƏR KƏS BACARMAZDI, HEÇ DƏ HƏR KƏS BU QƏDƏR MƏQSƏDYÖNLÜ OLA BİLMƏZDİ"

Onun uşaqlıq illərindən arzusu həkim olmaq idi. Arzusuna çatmaq üçün maliyyə köməyi baxımından xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət etmişdir. H.Z.Tağıyevdən maliyyə dəstəyi aldıqdan sonra 1917-ci ildə Sankt - Peterburqa gedib orada dünyanın ən məşhur tibb ocaqlarından olan Hərbi Tibb Akademiyasına daxil olmuşdur. "İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan Hərbi Tibb Akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək - gənclik illərində bunu heç də hər kəs bacarmazdı, heç də hər kəs bu qədər məqsədyönlü ola bilməzdi" – deyə Ulu Öndər Heydər Əliyev bildirmişdir: "Başqa sözlə, bu qeyri-adi istedadı İlahidən gələn insan özünün məqsədyönlüyü, fədakarlığı, zəhmətsevərliyi, biliklərə can atması sayəsində çox şey qazanmış, hərtərəfli insani keyfiyyətlər əldə etmişdir". Təhsil aldığı illərdə dərsdənkənar vaxtlarda səpgili yatalaq əleyhinə təşkil edilmiş sanitariya - dezinfeksiya briqadasında işə düzələrək həm praktik tibbi vərdişlərə yiyələnmiş, həm də aldığı maaşla özünün və ailəsinin minimal xərclərini ödəyə bilmişdir. Tərcümeyi-halında qeyd olunduğu kimi, birinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra gənc Əziz Əliyev 1918-ci ilin yay tətili günlərində doğma yurdu İrəvana qayıtmış və erməni daşnaklarının yerli əhalinin başına gətirdikləri işgəncələrin canlı şahidlərindən olmuşdur. Ulu Öndərin bildirdiyi kimi, "Əziz Əliyev İrəvanda anadan olmuş və artıq 1918-ci ildə özü və bütün ailəsi soyqırımına, deportasiyaya məruz qalmışdır. O, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını çox gənc yaşında özü görmüş və doğma diyarını tərk edərək, Naxçıvana, oradan da Bakıya köçməyə məcbur olmuşdur". Bir müddət Naxçıvanın Şərur rayonunda və Şahtaxtı kəndində məskunlaşan didərginləri burada da sakit buraxmayıblar və erməni-bolşevik dəstələri Naxçıvana silahlı basqınlar edərək qırğınlar, dağıntılar törədiblər. Azərbaycan xalqı erməni-bolşevik dəstələrin törətdiyi qırğınlara dəfələrlə məruz qalmış və onun əziyyətini yaşamışdır. Xalqımız 1918-ci ildə soyqırımlarına məruz qalıbdır. "Sonra Ermənistanda yaşamış azərbaycanlıları 1948-ci ildən etibarən, Stalinin xüsusi qərarı ilə və yenə də Mircəfər Bağırovun iştirakı ilə zor gücünə Azərbaycana deportasiya etmişlər" – deyən Ulu Öndər Heydər Əliyev birinci deportasiyanın ötən əsrin əvvəllərində başlandığını bildirib: "1918-ci ildə Əziz Əliyevin ailəsi soyqırımına məruz qalaraq deportasiya edilmişdir. Onun orada qalan nəsilləri 1948-1953-cü illərdə köçürülmüşlər. Ermənistanda qalanlar isə 1988-ci ildə Ermənistanla Azərbaycan arasında münaqişə başlandıqda gözümçıxdıya salınmış, məhv edilmiş, zorla aradan çıxarılmışlar".

BÜTÜN HƏYATINI ELMİ AXTARIŞLARA HƏSR EDƏN BÖYÜK ZİYALI

Əziz Əliyev 1923-cü ildə yarımçıq qalmış ali tibb təhsilini davam etdirmək ümidilə ailəsini də götürüb Bakıya köçür. O, Bakıya gələn kimi Xalq Komissarları Şurasında işə düzəlir və tapşırılan bütün işləri müvəffəqiyyətlə yerinə yetirir. Orada o, iş icraçısı, ümumi şöbə müdirinin müavini, katib köməkçisi və katib vəzifələrində çalışaraq, özünü bacarıqlı təşkilatçı kimi göstərir. 1923-cü ildə yenidən imtahan verərək, Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. 1927-ci ildə arzusunda olduğu ali tibb təhsilini başa çatdırır. Elə həmin ildə Xalq Komissarları Şurasının göndərişi ilə klinikada elmi-pedaqoji işə başlayır. O, bu dövrdə də özünü bacarıqlı təşkilatçı kimi göstərir. 1928-ci ildə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri vəzifəsinə işə götürülür. 1929-cu ildə isə Azərbaycan Klinik İnstitutunun direktoru vəzifəsinə təyin edilir və 1932-ci ilə qədər bu instituta rəhbərlik edir. Bakı Dövlət Universitetinin tibb fakültəsi öz fəaliyyətini dayandırdıqdan sonra, 1930-cu il may ayının 9-da bu fakültənin nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. 1932-ci ildə isə Azərbaycan Tibb İnstitutunun direktoru vəzifəsi Əziz Əliyevə tapşırılır və o, 6 ilə yaxın bir müddətdə bu funksiyanı şərəflə yerinə yetirir. Azərbaycan Tibb Universitetinin inkişafı və təşəkkülü bir neçə mərhələyə bölünür. Bu inkişafın ilk mərhələsi 1932-1938-ci illəri əhatə edən Əziz Əliyev mərhələsidir.

Xatırladaq ki, respublikamızda ilk tibbi kitabxananın banisi Əziz Əliyevdir. Görkəmli alim ümumiyyətlə, bütün şüurlu fəaliyyəti dövründə tibb nəşriyyatı yaratmağın, onu təkmilləşdirmək və inkişaf etdirməyin yolları haqqında düşünüb. O, bu sahədəki ideyalarını tədricən həyata keçirməyə başlayıb və institut kollektivinin köməyi ilə 1934-cü ildə "Tibb nəşriyyatı" yaradıb. Professorun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə olaraq "Praktiki və nəzəri tibb jurnalı"nın nəşrinə başlanılıb. O, 1929-cu ildən etibarən "Azərbaycan Tibb Jurnalı"nın məsul katibi vəzifəsində çalışıb. 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı qəzetin nəşrinə başlanıb. Hazırda bu qəzet "Təbib" adı ilə ATU-nun nəşriyatında çap olunub fəaliyyətini davam etdirir.

Əziz Əliyev bütün həyatı boyu elmi axtarışlarını bir an belə dayandırmayıb. O, institutu bitirəndən 2 il sonra - 1929-cu ildə namizədlik dissertasiyası, 5 il sonra isə doktorluq dissertasiyası müdafiə edib. 1933-cü ilin avqust ayında Almaniyada elmi ezamiyyətdə olub. Oradan qayıtdıqdan sonra doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycandan ilk dəfə bu dissertasiya işi SSRİ Elmlər Akademiyasının və ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi əsər kimi qiymətləndirilib. Əziz Əliyev 1941-ci ildə Azərbaycan SSR xalq səhiyyə komissarı işləyərkən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olarkən professor vəzifəsinə seçilib. Əziz Əliyevin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə yazdığı "Klinik analizlər" kitabı tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə qarşılanıb və onların stolüstü kitablarından birinə çevrilib. Onun bir neçə elmi əsəri "Azərbaycan Tibb Jurnalı"nda çap edilib. İlk illərdə çap edilənlərə "Həzm zamanı qanın xloridləri", "Malyariyanın Karno metodu ilə müalicəsi", "Klinik analizlər üzrə rəhbərlik" əsərlərini misal göstərmək olar.

Maraqlı faktlardan biri də budur ki, Əziz Əliyev 1934-cü ildə Bakıda səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilib, bir neçə aydan sonra o, qarşısına qoyulan məqsədə nail olub və yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru vəzifəsinə qaytarılıb. Göründüyü kimi, görkəmli alimin fəaliyyət dairəsi olduqca rəngarəng və çoxcəhətli olub. O, müəyyən müddətdə Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib və 1937-ci ildə eyni zamanda Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. İkinci Dünya müharibəsi illərinin əvvəllərində isə alay polkovniki rütbəsində siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilib.

Əziz Əliyevin tərcümeyi-halından oxuyuruq ki, o, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb və bu vəzifələrdə də özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Professor 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MİK-nın təlimatçısı, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR-in Ali Sovetinin deputatı olmuşdur. Xatırladaq ki, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı olan Əziz Əliyev dövlət xadimi, nazir, Dağıstanın birinci rəhbəri olmuşdur. Əziz Əliyevin Dağıstan xalqının tarixində misilsiz xidmətləri olub. 1942-1949-cu illərdə Dağıstana rəhbərlik etmiş Əziz Əliyev burada yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail olub. Əziz Əliyevin sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmayıblar.

QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYAN ÖMÜR

Görkəmli dövlət xadiminin vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə "Lenin" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "I Dərəcəli Vətən Müharibəsi" ordeni, "Səhiyyə Əlaçısı" döş nişanı, bir çox medallar, o cümlədən 1948-ci ildə "Moskvanın yaranmasının 800 illik" xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilib. Hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının mərkəzi küçələrindən biri, Mahaçqalada bir küçə, Dağıstanda bir sovxoz, Kaspiyskidə bir tibb məktəbi Əziz Əliyevin adını daşıyır. Akademik M.Topçubaşov Əziz Əliyev haqqında xatirələrində belə yazır: "Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı-bərabəri yox idi. Təbabətin atası Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdır". Əziz Əliyev həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri övladlarına layiqli valideyn olublar. Onların övladları da öz istedadları, bacarıqları hesabına ucalıblar. Bu ailənin övladlarından böyük alim Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra həyatını bütünlüklə Azərbaycanda oftalmologiya elminin inkişafına, bu sahədə yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasına, müalicəyə ehtiyacı olan saysız-hesabsız xəstələrin şəfa tapması üçün çalışıb, onlara nur, şəfqət bəxş edib. Əziz Əliyevin digər övladları da Azərbaycan tibb elminə, musiqisinə töhfələr vermişlər. 1962-ci ilin iyul ayının 27-də Əziz Əliyev vəfat etmiş Fəxri xiyabanda dəfn olunmuşdur. Onu xatirəsi qəlblərdə əbədi yaşayır və yaratdığı məktəbdən neçə-neçə insanlar bəhrələnibdir. Zəngin və mənalı həyat yolu bir örnəkdir və həmişə örnək olaraq qalacaqdır.

Zümrüd BAYRAMOVA