Əsaslandırılmamış informasiyaların ortaya çıxmasının qarşısı alınmalıdır - JURNALİST MÖVQE BİLDİRDİ

24 Yanvar 2022 15:26 (UTC+04:00)

"Cənab Prezidentin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər həmişə önəmli olub. Bir ölkədə, bir cəmiyyətdə ictimai nəzarət güclü olursa, orada neqativ halların baş vermə ehtimalı az olur. Neqativ hallar baş verəcəyi təqdirdə isə onların qarşısı, təbii ki, daha tez alınır. Cənab Prezidentin yeli KİV-ə verdiyi son müsahibədə bu fikirləri səsləndirməsi gözlənilən və təqdirəlayiqdir". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin sədri Ceyhun Musaoğlu deyib.

Jurnalist qeyd edib ki, həmin müsahibənin elə səhəri günü QHT-lərə Dövlət Dəstəyi Agentliyi böyük bir toplantı keçirib. Burada ictimai nəzarət palatasının yaradılması ilə bağlı fikirlər səsləndirilib. Məsələlər müzakirə olundu və təkliflər irəli sürüldü. Çünki cənab Prezident də müsahibəsində ictimai nəzarət palatasının yaradılmasına, belə bir qurumun mövcudluğuna böyük ehtiyac olduğunu dilə gətirmişdi. Bu zaman cənab Prezident jurnalistləri də məsələləri açıq şəkildə işıqlandırmağa, doğru və dəqiq yazmağa çağırmışdı. Eyni zamanda qeyd etmişdi ki, O, özü də doğruları mətbuatdan öyrənir.

Ceyhun Musaoğlu bu barədə fikirlərini belə izah edib: "Təbii ki, mətbuatda da bəzən əsaslandırılmamış informasiyalar dərc olunur. Elə ictimai nəzarət də ona görə lazımdır ki, bu əsaslandırılmamış informasiyaların ortaya çıxmağının qarşısı alınsın. Yəni cəmiyyətdə hər şey şəffaf şəkildə cərəyan etsin, proseslər demokratik qaydalara uyğun aparılsın. Necə ki, cənab Prezident bütün işlərdə şəffaflığı, aşkarlığı, demokratiyanı rəhbər tutur. Eləcə də, ictimai nəzarət də həmin bu funksiyanı yerinə yetirməli, bütün doğruları ölkə rəhbərinin diqqətinə çatdırmalıdır. Ondan növbəti gün sonra Medianın İnkişafı Agentliyi də ictimai nəzarətin gücləndirilməsində medianın rolu mövzusunda konfrans keçirdi. Orada da çox maraqlı təkliflər səsləndirildi. O təkliflər də təbii ki, bir paket halına salınıb lazım olan orqanlara təqdim olunacaq. Nəticədə biz çox güman ki, ictimai nəzarət funksiyasını yerinə yetirən təsisatın yaradılmasının şahidi olacağıq. Təbii ki, təsisatın adı rəhbərliyin verəcəyi qərardan asılıdır. Amma təkliflər də hazırlanır. Təkliflər də yəqin ki, bütöv paket şəklində lazım olan orqana çatdırılacaq. Bu təqdirəlayiq haldır. Cəmiyyətlərdə mütləq ictimai nəzarət funksiyasını yerinə yetirən bir qurum olmalıdır. Bu qurumun da Azərbaycanda yaranacağı və müsbət fəaliyyət göstərəcəyinə, nəticələrin də dövlətin və xalqın xeyrinə olacağına əminik".