“Ermənistan sərhədlərin müəyyənləşməsini ləngitmək üçün oyunlar qurmağa çalışır” AÇIQLAMA

24 Yanvar 2022 13:13 (UTC+04:00)

“Sərhədlərin delimitasiyası ilə bağlı Ermənistan tərəfinin irəli sürdüyü ön şərtdə yeni heç nə yoxdur. Əslində, bu, sərhədlərin müəyyənləşməsini ləngitmək istəyən ermənilərin yeni oyunlarından başqa bir şey deyil”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbədən və N.Paşinyanın “gizli şəkildə” “təslim aktı”na qol çəkməsindən dərhal sonra Azərbaycan rəhbərliyi sərhədlərin müəyyənləşməsi istiqamətində fəaliyyətə başlamağı təklif etdi: “Ermənistandakı ağır durumu bəhanə edən baş nazir bu məsələdən yayınmağa, sərhədlərin müəyyənləşməsi prosesini mümkün qədər ləngitməyə çalışdı. Ermənilərin bu cür davranışına müəyyən müddət səbrlə yanaşan Azərbaycan hakimiyyəti mayın 12-də Qaragöl istiqamətində ordumuzun 3,5 km irəliləməsi barədə qərar verdi və bununla sərhədlərin müəyyənləşməsi prosesinin ləngidiməsinə bundan sonra imkan verməyəcəyini ortaya qoydu. Ermənistanın “işğal” barədə haray-həşirinə əhəmiyyət verməyən Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya yaratmaq təklifi ilə çıxış etdi. Azərbaycan təkliflə dərhal razılaşdı. Ermənistan da razılığını bildirdi, ancaq dalbadal şərtlər irəli sürməyə başladı. Əvvəlcə delimitasiya və demarkasiya işlərinin aparılması üçün diplomatik münasibətlərin qurulmasının vacibliyi, yalnız bundan sonra sərhədləri müəyyənləşdirməyin mümkün olduğu iddiası ortaya atıldı. Sonra tələb olundu ki, Azərbaycan ordusu əvvəlki mövqelərinə çəkilməli, yalnız bundan sonra danışıqlara başlanılmalıdır. Daha sonra hərbi qüvvələrin sinxron şəkildə geri çəkilməsi və araya beynəlxalq müşahidəçilərin yerləşdirilməsindən sonra komissiyanın yaradılmasının mümkünlüyü iddia olundu”.

A.Səmədov onu da bildirdi ki, bu cür tələbləri, şərtləri irəli sürməkdə davam edən Ermənistan rəhbərliyi noyabrın 26-da Soçidə geri çəkilərək qeyd-şərtsiz üçtərəfli bəyanata qol çəkmək və komissiyanın yaradılmasına razılıq vermək məcburiyyətində qaldı: “Məlumdur ki, həmin bəyanatda “Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdikləri” nəzərdə tutulmuşdu. İndi ermənilər bu bəndi əsas götürərək tələb edirlər ki, hərbi qüvvələr sinxron şəkildə geri çəkilsinlər və yalnız bundan sonra komissiya yaradılsın. Əslinə qalsa, bu, yeni tələb deyil. Bundan əvvəl, ötən ilin mayında bu cür “təklif” irəli sürülmüşdü. Onda da, indi də məqsəd sərhədlərin delimitasiyası prosesini ləngitmək idi. Çünki delimitasiya barədə müqavilənin imzalanması zamanı tərəflər bir-birinin ərazi bütövlüyünü qəbul etdiklərini bəyan etməlidirlər. Ermənistan buna hazır olmadığına görə bəhanələr uydurmağa, əlavə şərtlər irəli sürməyə davam edir. Azərbaycanın Xarici işlər naziri C.Bayramov birmənalı şəkildə ön şərtlər irəli sürməyin yolverilməz olduğunu bəyan etdi. Eyni mövqeyi ilin yekunlarına həsr olunmuş mətbuat konfransında, bir qədər örtülü şəkildə S.Lavrov da sərgilədi. Ancaq ermənilərə örtülü şəkildə yox, açıq şəkildə təzyiq göstərilməsə, bu məsələni “ölü nöqtədən” tərpətmək mümkün olmayacaq”.