Böyük təlatümlərə hazır olmalıyıq - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

24 Yanvar 2022 12:06 (UTC+04:00)

"Ümumiyyətlə, baş verən hadisələr onu göstərir ki, bizim də daxil olduğumuz böyük coğrafiyada çox ciddi dəyişikliklər olacaq". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi qeyd edib ki, ən azından dövlətlərarası münasibətlərdə gərginləşmə zirvə həddinə çatmaqdadır. Özəlliklə də Rusiya ilə Ukrayna arasındakı münasibətlərin gərginləşməsi çox ciddi təhlükədən xəbər verir. Bu da ABŞ və Rusiya münasibətlərinin əlbəttə ki, gərginləşməsi fonunda baş verir. Biz bütün bunlardan onu gözləyə bilərik ki, ümumilikdə, Qərb-Rusiya qarşıdurması daha da güclənəcək. Yeni cəbhələşmə müşahidə ediləcək. Artıq bu cəbhələşmə hiss olunur. Xüsusən də, Qərb ölkələri arasında Rusiyaya rəğbət bəsləyən, yaxud bu və ya digər səbəblərdən Rusiyaya boyun əyməyə məcbur olan dövlətlər gözə çarpmaqdadır. Xüsusilə də, Almaniyanın Rusiyanın davranışına loyal yanaşması müşahidə edilir. Hətta, Ukraynaya Almaniya üzərindən yardımların keçməsinin əngəllənməsinə qədər bu münasibət gedib çıxır. Baş verənlər ondan xəbər verir ki, bölgədə böyük bir cəbhələşmə gerçəkləşməkdədir.

Azər Həsrət bu barədə fikirlərini belə izah edib: "Düşünürəm ki, ABŞ da öz ənənələrinə sadiq qalaraq Rusiyanın çökdürülməsi və parçalanması üçün növbəti addımlar atmalı olacaq. Bir zamanlar Sovet İttifaqı ABŞ üçün baş ağrısına çevrilmişdi və getdikcə mövqelərini möhkəmləndirərərək ABŞ-ın qlobal rolunu zəiflətməyə çalışırdı. Nəticədə, Amerika Birləşmiş Ştatları Sovet İttifaqını tam dağıtmaq üçün düyməyə basdı. İndi də Rusiya ABŞ üçün baş ağrısına çevrilib. Rusiya, təkcə ABŞ üçün yox, dünya üçün baş ağrısına çevrilməyə başlayıb. Belə bir baş ağrısından qurtulmağın tək yolu Rusiyanın SSRİ kimi dağıdılmasıdır. Bu prosesin içəridən aparılması üçün çox ciddi addımların atılacağını proqnozlaşdırmaq olar. Yəni bizi yaxın on illiklərdə sakit və sabit dönəm gözləmir.

Biz Azərbaycan dövləti, Azərbaycan vətəndaşları olaraq sərhədimizdə yerləşən qlobal gücün təlatümlərindən sığortalanmaq üçün ciddi addımlar atmalıyıq. Yəni Rusiyada baş verəcək hadisələr istər-istəməz Azərbaycana da, digər qonşulara da öz təsirini göstərəcək. Ona görə də biz maksimum sayıqlıq nümayiş etdirməliyik. Qorunmağa çalışmalıyıq. Söhbət burada hansısa hərbi təcavüzdən qorunmaqdan getmir. Ümumiyyətlə, qorunmaqdan söhbət gedir. Yəni, bütövlükdə, ölkəmizin və dövlətimizin sabitliyini təmin etmək baxımından qorunmaqdan gedir. Yəni hüquqi vəziyyət bundan ibarətdir. Böyük təlatümlərə hazır olmalıyıq".