Bir insanın həqiqi sərvəti, bu dünyada etmiş olduğu yaxşılıqlardır

24 Yanvar 2022 11:30 (UTC+04:00)

Hər bir xalqın sayından asılı olmayaraq, onların yetişdirdikləri böyük şəxsiyyətləri olur. O şəxsiyyətlər cismən həyatdan köçsələr də, ruhən yaşayırlar və ən azı məxsus olduqları xalqla bərabər əbədiyyən bərabər olurlar. Hər xalq özünün şəxsiyyətləri ilə fəxr edir, onların adlarını həmişə uca tutur, onları unutmur və unutdurmur.

Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur.

Azərbaycanın xeyriyyəçi şəxsiyyətləri tarixdə öz gözəl, xeyirxah əməllərinə görə hər bir azərbaycanlının qəlbində yaşayır və bu şəxsiyyətlər gələcək nəsillərə örnək olurlar. Onların ömrüdə millətinin ömrü qədər olur. Yaşadıqları dövürdən təqribən 100 il keçsə də Murtuza Muxtarov, Ağa Musa Nağıyev, Ağabala Hacıqulu oğlu Quliyev, Aşurbəyova Nabat Xoca qızı, Gövhər ağa, Hacı Hacıağa Dadaşov, İsa bəy Əbdülsalam bəy oğlu Hacinski, Şəmsi Əsədullayev, Teymur bəy Aşurbəyov, Yusif ağa Dadaşov, Teymur bəy Qulubəyov kimi şəxsiyyətlərin adları unudulmur. Bu şəxslər həqiqətən də, böyük xeyriyyəçilər, qayğıkeş insanlar, maarifçilər, sərvətini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibləri olmuşlar.

Bu şəxsiyyətlərdən biri də, hər bir azərbaycanlının, hər bir Bakılının, onun çəkdirdiyi Şollar suyunu içdikcə, ruhuna min dualar etdiyi, qəlbi dağlar qədər böyük, zəhmətkeş, xalqı üçün yanan, xalq içindən çıxıb varlanan, lakin, bu varını gizlətməyən, onu xalqı üçün sərf edən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdir.

Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır (Şekspir)

O da, digər xeyriyyəçi həmvətənləri kimi gördüyü xeyirxah işlərlə Azərbaycanın gələcəyi üçün sərmaylər qoymuş, bununlada Azərbaycan tarixində böyük rol oynamış şəxsiyyətlərdən birinə çevrilmişdir.

Hacı Zeynalabdin Tağıyev məşhur мilyonçu, меsenat, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri olmuş, həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, həm də ticarət və yük gəmilərinin sahibi olmuşdur. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Onun meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.

Bütün müsəlman aləmində tanınmış H.Z.Tağıyevi Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. H.Z.Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır.

Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyildi. 1905-ci il inqlabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı.

Xeyirxahlıq səmimilikdən, yaxşılıq düzgünlükdən ayrılmazdır (Lev Tolstoy)

Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. 1881-ci ildə Bakıda o zamanın irəlidə gedən ziyalılarını: Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov (qəzetin redaktoru) və başqalarını öz ətrafına toplayan “Xəzər” qəzetini nəşr etdırmişdir. 1897-ci ildə onlar tərəfindən “Lifli materialların emalı üzrə Qafqaz səhmdar cəmiyyətini” yaradılmışdır. 1906-cı ildə H.Z.Tağıyev və M.Muxtarov Bakıda əhalinin maariflənməsində və milli şüurun oyanmasında hakim rol oynayan “Neşri-maarif” və “Nicat” maarif cəmiyyətlərinin yaranmasına kömək etdirlər. İlk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirən məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur.

Təhsil xəzinədir, əmək onun açarı (Seyid Əzim Şirvani)

O, milyonçu olsa da, bilirdi ki, əsil xəzinə elm və təhsildir və bu səbəbdən də, 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qız məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur. Bundan əlavə Onun vəsaiti hesabına Azərbaycanın oğul və qızları İngiltərə, Almaniya, Fransa və Rusiyada təhsil alırlar. Əziz Əliyev, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə və başqaları onun vəsaitilə oxumuşdu.

Məşhur adam olmaq xoşbəxtlik, faydalı adam olmaq isə insanlıq borcudur (Viktor Hüqo)

Biz Azərbaycan xalqı olaraq hər zaman yüksək dəyərlərimiz və mənəvi keyfiyyətlərimiz ilə seçilmişik. Faydalı əməyimizlə, xeyirxah əməllərimizi “İnsanlıq Borcu” adlandıraraq yaxşılığın bu keyfiyyətlərdən biri olması ilə yanaşı, insanlararası münasibətlərin təməlində dayanan prinsiplərdən olmasını öz əcdadlarımızdan öyrənmişik.

Keçmişdə olduğu kimi, bu gün də belə dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması öz aktuallığını qoruyub saxlayır.

Amal yüksək olduqca insan da yüksəlir (Fridrix Şiller)

Özünün yüksək amalı ilə, öz xalqınıda yüksələrə qaldıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da, Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışdır. 2000-ci illərin əvvəllərində, onun təşəbbüsü ilə, hələ prezident olmadığı dövürdə, Hazcı Zeynəlabdin Tağıyevin qəbrinin yerləşdiyi Pirhəsən ziyarətgahı abadlaşdırıldı və qəbrin ətrafında olan ərazi yeni görkəm aldı. Prezident seçiləndən sonra dərhal onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edildi, həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı, eyni zamanda, Tarix Muzeyində bizim tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar nümayiş etdirilir.

2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən müvafiq Sərəncam imzalanır. Məsələ ilə bağlı açıq müsabiqə elan edilir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlir və abidə Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdə ucaldılır.

Abidənin quraşdırıldığı yer şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, Bakının tarixi yerlərindən olan, qala divarının önündədir. Böyük rəmzi məna daşıyan Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsi bu şəxsiyyətin ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr verməsidir.

Prezident İlham Əliyev abidənin açılışında çıxışı zamanı, Hacı Zeynəlabdin Tağıyev haqqında ətraflı məlumat verdi, onun gördüyü xeyirxah işlərdən və bu işlərin davamı olaraq bugün də, müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam etdiyini bildirdi: “Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının öz təşəbbüsü ilə yaratdığı “Qarabağ Dirçəliş Fondu” və “YAŞAT” fondu, xeyriyyəçilik ənənələrinin davamıdır. Bu fondun yaradılması cəmiyyətdə çox yüksək qiymətləndirilir. Cəmiyyəti mənəvi cəhətdən bir-birinə bağlayır, onu birləşdiri və möhkəmləndirir.

Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür (Heydər Əliyev)

Mürsəl Mürsəlov

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru