Ötən il Balkanlarda ən işlək hava limanı Belqrad aeroportu olub

24 Yanvar 2022 07:02 (UTC+04:00)

Balkan ölkələrində hava nəqliyyatı yavaş-yavaş bərpa olunsa da, regiondakı heç bir hava limanı doluluq nisbətinə görə pandemiyadan əvvəlki rəqəmlərə qayıda bilməyib. Bununla belə, ötən il region ölkələrindəki hava limanlarından istifadə edən sərnişinlərin sayında 2020-ci ilə nisbətən 97,3 faiz artım qeydə alınıb.

SİA xəbər verir ki, Balkan ölkələrindəki hava limanları 2021-ci ildə təxminən 14,8 milyon sərnişinə xidmət göstərib. Bu da pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 49,7 faiz azdır.

Belqradın Nikola Tesla aeroportu ən işlək hava limanı olub və Avropanın 60 ən yaxşı hava limanı sırasında yer alıb. Belə ki, Belqrad hava limanı keçən il 2,9 milyon sərnişinə xidmət göstərib.

Keçən il Monteneqronun Podqoritsa və Tivat hava limanlarından 1,3 milyondan çox sərnişin istifadə edib.

2021-ci ildə Sarayevo Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı isə 767 min 113 nəfər olub. 2019-cu ildə isə hava limanından istifadə edən sərnişinlərin sayı 1 milyon 143 min 680 nəfər idi.