Ermənistan prezidenti istefa verib

23 Yanvar 2022 21:23 (UTC+04:00)

Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. SİA xəbər verir ki, bu barədə o öz saytında məlumat yayıb.

“Mən uzun müddət düşündüm və dörd illik aktiv işdən sonra respublika prezidenti vəzifəsindən getməyə qərar verdim”, deyə məlumatda bildirilir.

O, qərarını daxili və xarici siyasətə təsir vasitələrinin olmaması ilə əlaqələndirib.

“Bizdə paradoksal vəziyyət yaranıb və prezident dövlətçiliyin təminatçısı olmalı halda, əslində heç bir real aləti yoxdur. Konstitusiya həm də bir dövlət qurumunun digəri üzərində üstünlüyünü nəzərdə tutur, tanınmış diaspor mütəxəssislərinin bu prosesdə iştirakına maneələr yaradır”, deyə siyasətçi qeyd edib.

Sarkisyanın qeyd etdiyi kimi, bu gün Ermənistanda prezident “müharibə və ya sülh məsələlərinə təsir edə bilmir”, “dövlət və xalq üçün uyğun olmayan qanunlara veto qoya bilmir”.

Məlumata görə, Sarkisyanın özü və ailəsi siyasətçinin keçmişi, “müxtəlif konspirasiya nəzəriyyələri və mifləri” ilə maraqlanan müxtəlif siyasi qrupların hədəfinə çevrilib. Onun sözlərinə görə, istefa qərarı emosional deyil, müəyyən məntiqdən irəli gəlir.

Sarkisyan bəyan edib ki, Ermənistan indi formaca parlamentli respublikadır, məzmunca yox. O, xatırladıb ki, o, bir idarəetmə formasından digərinə - parlamentdən yarı-prezidentliyə və ya prezidentliyə keçidi, dövlət nəzarəti və tarazlıq sisteminin yaradılmasını da təklif edib.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına görə, prezident istefa ərizəsini Milli Məclisə təqdim edir, o, qanunla müəyyən edilmiş qaydada elan edildiyi andan qəbul edilmiş sayılır. Növbədənkənar seçkilər “vakansiya açıldıqdan sonra iyirmi beşdən tez və otuz beş gündən gec olmayaraq” keçirilə bilər. Yeni rəhbər seçilənə qədər dövlət başçısının vəzifələrini parlamentin sədri yerinə yetirir.
Ermənistanda parlament 7 il müddətinə prezidenti seçir. Eyni şəxs bu postu yalnız bir dəfə tuta bilər. Deputatların ümumi sayının azı dörddə birinin namizəd irəli sürmək hüququ vardır.