Lavrov İsveçrə prezidentinə təşəkkür edib - BLİNKENLƏ GÖRÜŞÜN TƏŞKİLİNƏ GÖRƏ

22 Yanvar 2022 17:02 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçrə prezidenti İqnazio Kassisə ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqların təşkilində göstərdiyi köməyə görə təşəkkür edib. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi şənbə günü məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov və Kassis arasında cümə günü Cenevrədə keçirilən görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, o cümlədən bir sıra aktual beynəlxalq problemlər və dostluq münasibətləri ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. Eləcə də Rusiya-İsveçrə münasibətlərinin müsbət və mənalı xarakteri vurğulanıb.

"Rusiya tərəfi Cenevrədə Rusiya-Amerika danışıqlarının təşkilində göstərdikləri köməyə görə isveçrəli tərəfdaşlara minnətdarlığını bildirib", deyə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, bir qədər əvvəl İqnazio Kassis bildirmişdi ki, İsveçrə lazım gələrsə, Lavrovla Blinken arasında yeni görüşün təşkilinə kömək etməyə hazırdır.

Xatırladaq ki, yanvarın 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken Cenevrədə görüşüblər. Bu, xarici işlər orqanları rəhbərlərinin üçüncü görüşü idi. Birincisi may ayında Reykyavikdə Arktika Şurası nazirlərinin iclası çərçivəsində baş tutub, ikincisi də dekabrda Stokholmda ATƏT nazirlərinin görüşü çərçivəsində olub.