“Naxçıvan Premium Turniri-2”də 7-ci turun oyunları başa çatıb - FOTO

22 Yanvar 2022 16:36 (UTC+04:00)

Naxçıvan şəhərində yerləşən “Gənclik” Mərkəzində keçirilən şahmat üzrə “Naxçıvan Premium Turniri-2”də 7-ci turun oyunları başa çatıb. SİA xəbər verir ki, beynəlxalq usta Pərviz Qasımov (2359) bu turu da qələbə ilə başa vurub. O, beynəlxalq qrossmeyster Urfan Sevdimalıyevlə (2353) görüşdə ağ-qara taxtanı qalib kimi tərk edib. Beynəlxalq usta Toğrul Həsənzadə (2293) də eyni uğuru İlkin Qəbulovu (1602) məğlub etməklə qazanıb.

Bu turda Sadiq Qarayevi (2126) sınağa çəkən beynəlxalq usta Talıb Babayev (2258) aktivinə daha bir xal yazdırıb. FIDE ustası Sadiq Məmmədov (2177) isə Nazlı Hümbətovadan (1629) üstün olub. 7-ci turda FIDE ustası Nəsrin Babayeva (2071) Ayxan Əliyevi (1983), Seyid Hüseyn (2098) Rza Həsənlini (1582) məğlubiyyətə uğradıb.

Yeddi turdan sonra turnir cədvəlinə 5,5 xalla Talıb Babayev, Sadiq Məmmədov və Pərviz Qasımov başçılıq edirlər. Səkkizinci turun oyunlarının daha gərgin keçəcəyi gözlənilir.