Yəmənin şimalında həbsxanaya havadan hücum olub

22 Yanvar 2022 14:23 (UTC+04:00)

Yəməndə hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ilə İranın dəstəklədiyi husilər arasında şiddətli toqquşmalar davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi ərəb koalisiyasının Yəmənin şimalında həbsxanaya endirdiyi hava zərbəsi nəticəsində onlarla insanın öldüyü bildirilib.

Sərhədsiz Həkimlər Təşkilatının “tvitter” hesabından edilən açıqlamada, hava hücumunun İranın dəstəklədiyi husilərin nəzarətində olan Səada bölgəsindəki istintaq həbsxanasına təşkil edildiyi qeyd edilib.

Dünən gecə baş verən hücumdan sonra ölən və yaralıların Əl-Cumhuriyə xəstəxanasına aparıldığı, ilk təsbitlərə görə 70 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Həbsxana ərazisində axtarış-xilasetmə işlərinin davam etdiyi və dağıntılar altında çoxlu cəsədin olduğu düşünülür.