Sutkada 50 000-dən çox yoluxma qeydə alınıb İLK DƏFƏ

22 Yanvar 2022 14:17 (UTC+04:00)

Yaponiyada epidemiya başlayandan bəri ilk dəfə gün ərzində yeni koronavirusa yoluxanların sayı 50 mini keçib. SİA xəbər verir ki, bu barədə “NHK” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Tokioda 11 227, Osaka prefekturasında 7 375, Kanaqavada 3 408, Aiçidə 3 457 yeni yoluxma qeydə alınıb.

Qeyd olunur ki, yanvarın 21-dən fevralın 13-dək yeni yoluxmaların sayında rekord artım olacağı təqdirdə Tokio, eləcə də digər 12 prefektura koronavirusun yayılmasının qarşısının alınması üçün gücləndirilmiş tədbirlər rejimini həyata keçirməyə başlayacaq. Gücləndirilmiş tədbirlər rejimi, yerli administrasiyalara ticarət mərkəzlərinin, supermarketlərin, kafe və restoranların iş saatlarının azaldılması ilə bağlı müstəqil qərar qəbul etmək, ziyarətçilərin maksimum sayına məhdudiyyətlər qoymaq, habelə restoran və barlarda spirtli içkilərin satışına qadağa qoymaq imkanı verir.

Kyodo agentliyinin hökumət dairələrindəki mənbələrə istinadən yaydığı məlumata görə, hökumət komissiyasının iclası yanvarın 25-də keçirilə bilər və bu iclasda məhdudiyyətlərin qüvvədə olma müddətinin uzadılması barədə qərar qəbul edilər.

Xatırladaq ki, son məlumata görə, Yaponiyada epidemiya başlayandan bəri infeksiyaların ümumi sayı 2 milyonu keçib.