20 ildə bizim göstəricilərimiz belə olmayıb - DEPUTAT MÖVQE BİLDİRDİ

22 Yanvar 2022 14:10 (UTC+04:00)

"İlk növbədə qeyd etmək lazımdır ki, bu anti-inflyasiya addımlarına hökumət böyük önəm verir. Qeyd edək ki, ötən il hökumət tərəfindən kifayət qədər addım atıldı və ərzaq məhsuları, o cümlədən un məhsullarının qiymətlərinin artmasının qarşısı alındı. Həqiqət ondan ibarətdir ki, bu inflyasiyanın kökü dünya iqtisadiyyatında gedən proseslərlə bağlıdır. Bu tendensiya post pandemiya tendensiyasıdır. Eyni zamanda dünyada ərzaq qiymətlərinin artımı inflyasiyanın səbəblərindəndir. FAO-nun göstəricilərinə görə artım hələ 2011-ci ildən başlayıb. Son iki ildə isə bəzi rəqəmlər 27, bəzi rəqəmlər isə 32 faiz göstərilir. Mən belə hesab edirəm ki, ümumi və əsas Azərbaycanın makro iqtisadi göstəriciləri kifayət qədər yüksəkdir. 2021-ci ilin makro iqtisadi göstəricilərinə nəzər salsaq, deməli, ÜDM-ün 5,6 faiz artımı həcminin 92,8 milyard manat təşkil etdiyini qeyd etmək olar. Qeyri-neft sektorunun artımı 7,2 faiz olub. Qeyri-neft sənayesinin isə artımı isə 8,9 faiz olub. Bu rəqəmlər kifayət qədər yüksəkdir. Strateji valyuta ehtiyyatları 2,5 milyard dollara yaxın artaraq 53,2 milyard dollara qədər çatdırılıb. Bir iqtisadçı kimi qeyd edərdim ki, bu rəqəmlər yaxşı göstəricilərdir. Amma inflyasiyanın bu formada, yəni illik 6,7 faiz, ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz və sonda inflyasiyasının illik səviyyəsi 12 faiz olmuşdur. Bu rəqəmlər olduqca artıqdır. 20 ildə bizdə belə göstəricilər olmamışdır". Bunu SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, hətta bizdə illər var idi ki, inflyasiya sıfırdan aşağı olub. Dünya bazarında taxılın qiymətində 2021-ci ilin dekabrın son günlərinə qədər 45 faizdən çox artım olub. İdxal buğdasının bir tonu üçün qiymət 253 dollardan 340 dollara qədər artıb. Bunun əsas səbəblərindən biri dünya iqtisadiyyatının durumudur. Həm də Rusiyada atılan addımlardır. Orada taxılın bir tonunun qiyməti təxminən 15-20 faizə qədər artmışdı və bu artımdan başqa Rusiya taxıla görə xüsusi gömrük rüsumu alır. Bu da məsələyə kifayət qədər təsir edir. Atılan addımlardan danışmadan öncə demək lazımdır ki, inflyasiya ilə mübarizənin bir nömrəli yolu bolluq yaratmaqdır. Yəni ərzaq, qeyri-ərzaq və istənilən məhsulların qiymətini stabil saxlamaq, tənzimləmək,yaxud qiymətləri aşağı salmaq ancaq bolluq nəticəsində olur. Bazar iqtsadiyyatının əsas prinsiplərindən biri tələb-təklif qanunu və rəqabət qanunudur. Tələb-təklif qanunu nəzərə alsaq, o qanunun tələbi ondan ibarətdir ki, təklif tələbi üstələməlidir. Bu zaman artıq rəqabət qanunu bizim xeyrimizə inkişaf edəcək.Təbii ki, dövlət istənilən formada buna fikir verir. Amma atılan addımlar, xüsusi ideyaların artırılması yəni idxalçı kompaniyalar üçün subsidiyaların artırılması, az faizli kreditlərin ayrılması istər idxalçılar, istər daxildə işləyən kənd təsərrüfatı müəssələri üçün faydalı olacaq. Burada bir məsələ də qiymətlərin xüsusi dövlət orqanları tərəfindən tənzimlənməsi məsələsidir.

Rüfət Quliyev bu barədə fikirlərini belə izah edib: "Yəni iqtisadiyyatda belə bir fikir var ki, dövlət tərəfindən iqtisadiyyata iki yol ilə təsir etmək olar. Bunlar da tənzimlənmə və müdaxilə etmək yollarıdır. Yəni bu iki üsulun qismən istifadəsi sinergetik effekt verəcək. Amma mən onun tərəfdarıyam ki bazar iqtisadiyyatı prinsiplərini nəzərə alaraq dövlət qiymətləri tam tənzimləyə bilmir. Əgər bu proses başlasa və tələb olunsa ki, bazar iqtisadiyyatı iştirakçıları məcburi qaydada qiymətləri qaldırmasın və yaxud hətta, qiymətləri aşağı salsın. Bu birbaşa bir neçə aydan sonra iqtisadiyyatın özünə təsir edəcək və qiymətlər daha da kəskin formada artacaq. Çünki həmin müəssisələr artıq idxalla və istehsalla məşğul olmağa maraqlı olmayacaq.

Əgər bir qida məhsulunun qiyməti 1 manatdırsa, maya dəyəri isə 90 qəpikdirsə və bu bazarda 1 manata satılırsa müəssələri onu 90 qəpiyə satmağa və yaxud hətta məhsulun qiymətini daha da aşağı salmağa məcbur etmək mənfi nəticə verə bilər. Bu tədricən bu müəssisələrin öz fəaliyyətini dayandırmasına,yaxud da başqa məhsullar istehsal etməsinə gətirib-çıxarır. Müəssisələr çalışacaqlar ki, mənfəətdə uduzan mallardan daha cox mənfəət olan mallara keçsinlər.

Bu da yenidən gətirib ona çıxarır ki, tələb öz yerində qalır, təklif azalır. Bunu da nəzərə almaq lazımdır. Düşünürəm, bu antiinflyasiya tədbirlərinin güclənməsi haqqında tədbirlər planının böyük bir rolu olacaq.

Misal üçün Qarabağ zonasında yüz min hektardan çox əkiləsi torpaqlar ayrılacaq. Bizim xarici ölkələrlə, o cümlədən Ukraynayla artıq danışıqlarımız gedir. Artıq orada torpaqlar icarəyə götürülüb. Orada kənd təsərrüfatı ilə məşğul olunacaq və ordan çıxan məhsullar Azərbaycana idxal ediləcək.

İnflyasiyanın qarşısını almağa ümidim var. Biz bunun qarsisini alacağıq. Normal formada inflyasiyaya gəlib, hardasa 2.5 faizlə 4.5 faiz civarına düşməlidir".