Mağazada olan məhsul elə satıcının özünə qalır - İQTİSADÇI ŞƏRH ETDİ

22 Yanvar 2022 10:01 (UTC+04:00)

“İnternet üzərindən sifarişlərin artmasının əsas səbəbləri həm dövrün özünün tələbləri, yeni texnologiyaların tətbiqi, həm də bu prosesə təkan verən pandemiya oldu”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, biz də zaman-zaman müşaiyət edirdik ki, tendensiyası var: “Amma pandemiyanın olması bunu daha da kəskin şəkildə artırdı. Pandemiya birmənalı olaraq elektron, onlayn sifarişlərin həcmini artırdı. Yəni artıq pandemiyanın şərtləri bunu tələb etdi. Bunun isə həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət tərəfləri isə mənfi tərəflərindən daha çoxdur. İnsanlar daha qısa zaman kəsiyində qarşıya qoyduqları məqsədə nail ola bilirlər. İkinci tərəf isə real alış-satışdan dəfələrlə ucuz başa gəlməsidir. Bunun da nəticəsində biz son dövrlərdə kifayət qədər kargo şirkətlərinin yarandığını görürük. Hansı ki, bu şirkətlər bilavasitə məhz bu xidmətləri həyata keçirmək məqsədilə yaradılıb. İkinci bir məsələ isə insanlar üçün daha böyük, geniş imkanlar yaradır. Yəni onlayn platformada məhsul seçimi daha geniş olur, nəinki mağazada.

Qeyd etdiyim kimi təkcə bu onlayn platformanın özünün üstünlüyündən doğaraq bizdə kifayət qədər ticarət dövriyyəsi artıb. Eyni zamanda nağdsız ödənişlərin də həcmi artıb. İnsanların daha çox vaxta qənaət edə bilməsi üçün fürsət yaranıb. Bunlar hamısı müsbət tərəfləridir. Bunlara baxmayaraq mənfi tərəfləri də mövcuddur və bu mənfiləri iki yerə bölə bilərik. Real satışla məşğul olan təsərrüfat subyektləri, loru dildə desək yəni mağazalara mənfi təsirləri var. Çünki yetərli qədər satış azalıb. İnsanlar onlayn platformaya üz tutduğundan təbii ki, mağazada olan məhsul elə satıcının özünə qalır. İkinci bir mənfi tərəfi isə onlayn platfofma nə qədər rahat olsa belə biz məhsulun keyfiyyətindən tam əmin ola bilmirik. Yəni məhsulun keyfiyyətini onlayn platformadan hiss etmək olmur. Çatdırılma zamanı gecikmələr baş verir. Müəyyən məhsullarda zədələnmələr baş verir.

Ümumiyyətlə xidmət və keyfiyyət səviyyəsi real alışdan daha qəlizdir. Amma düşünürəm ki, hansı məhsullar ki, kargo şirkətləri vasitəsilə internet üzərindən sifariş olunur onların satışı ilə məşğul olan mağazalar getdikcə öz alıcılarını itirəcəklər. Amma elə mağazalar da olacaq ki, onlar üçün alıcılar qalacaq. Bunlar isə kargo şirkətləri ilə daşınması qadağan edilən məhsulları satan mağazalardır. Bura müxtəlif kimyəvi maddələr, müxtəlif silahlar, dərman vasitələri daxildir. Ümumiyyətlə bu kateqoriyadan olan məhsulların özü müəyyən qanunvericiliklə tənzimlənir. Onların da siyahısı olur. Bu siyahıya düşmüş məhsulların satışı ilə məşğul olan mağazalar təbii ki, alıcılarını itirməyəcək. Amma digər mağazalar üçün eyni sözü demək çətindir”.