İran, Rusiya və Çin donanmaları birgə hərbi təlimlərə başlayıb

22 Yanvar 2022 01:00 (UTC+04:00)

İran, Rusiya və Çin donanmaları Hind okeanının şimalında genişmiqyaslı birgə hərbi təlimlərə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “2022 Dəniz təhlükəsizlik kəməri” adlanan təlim "Sülh və təhlükəsizlik naminə birlikdə" şüarı ilə Hind okeanının şimalında 17 min kvadrat kilometr ərazini əhatə edən geniş ərazidə həyata keçirilir.

Təlimdə İran Hərbi Dəniz Donanması və İnqilab Keşikçiləri Ordusunun döyüş gəmiləri və hava bölmələri iştirak edir, Rusiya və Çin də döyüş və logistika dəstək gəmiləri ilə təlimə qatılır.

Təlimin sözçüsü kontr-admiral Mustafa Taceddini bildirib ki, Hind okeanının şimal hissəsi Babu'l Mendeb, Malakka və Hörmüz boğazı kimi mühüm su yolları ilə əlaqəsi səbəbindən çox əhəmiyyətlidir.

“Bu təlim qızıl üçbucaq kimi tanınan və dünya ticarəti üçün həyati əhəmiyyət kəsb edən bu regionda üç ölkənin maraqlarını qorumaq və davamlı dəniz təhlükəsizliyini təmin etmək üçün birgə səydir” deyə Taceddini vurğulayıb.

Təlim zamanı yanan gəminin xilas edilməsi, qaçırılan gəminin azad edilməsi, təyin edilmiş hədəflərə və gecə hava hədəflərinə atəş açılması kimi müxtəlif taktiki əməliyyatların həyata keçiriləcəyini bildirən Taceddin beynəlxalq dəniz ticarətinin təhlükəsizliyinin gücləndirilməsi, dəniz terroru və quldurlarla mübarizə, axtarış-xilasetmə sahələrində məlumat mübadiləsi və taktiki əməliyyatlarda təcrübə paylaşılması kimi məsələlərin təlimin əsas məqsədlərindən olduğunu qeyd edib.

İran, Rusiya və Çin; Artıq üçüncü dəfədir ki, “Dəniz təhlükəsizlik kəməri” adı altında birgə təlim təşkil edir.

Bu dəniz təlimlərindən birincisi 2019-cu ilin dekabrında keçirilib.