Ankarada 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunub - FOTOLAR

21 Yanvar 2022 22:58 (UTC+04:00)

Bu gün Ankara şəhərində yerləşən Şuşa Konqres Mərkəzində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı şəhidləri anma proqramı təşkil olunub. SİA xəbər verir ki, tədbirdəöncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad eilib, sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Türkiyə Prezidenti yanında Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, TADİV rəhbəri, professor Aygün Attar çıxış edərək 20 yanvar tarixinin mənası və əhəmiyyəti ilə bağlı çıxış edib. A.Attar bildirib ki, 20 yanvar 1990-cı il tarixində sovet tanklarının qarşısına yalın əllə çıxaraq, Azərbaycan üçün azadlıq deyən şəhidlər Azərbaycanın müstəqilliyinə gedən yolu açıblar.

Səfirliyin müşaviri Elçin Allahverdiyev 20 Yanvar hüzn gününü həm də qəhrəmanlıq günü olaraq qeyd edilən nadir tarixlərdən biri olduğunu deyib, bu tarixin Azərbaycanın milli oyanışı kimi tarixə keçdiyini bildirib. Faciənin günahkarlarının beynəlxalq müstəvidə cəzalandırılmamasının isə böyük bir ədalətsizlik olduğunu vurğulayan E.Allahverdiyev bu qanlı hadisələrin sifarişçilərindən Sovet lideri Mixail Qorbaçovun 20 Yanvar faciəsinə baxmayaraq, Nobel Sülh Mükafatına layiq görülməsinin isə utancverici olduğunu vurğulayıb.

Tanınmış politoloq, dosent Oğuzhan Bilgin çıxış edərək, 20 yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyinin carçıları olduğunu qeyd edib, baş vermiş faciənin dünyaya çatdırılması üçün daha çox fəaliyyətin vacibliyini vurğulayıb.

Türkiyədə yaşayan azərbaycanlı professor Əmrullah Məmmədov çıxış edərək, bu faciənin canlı şahidi olduğunu qeyd edərək, onun miqyası barədə məlumat verib.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç çıxış edərək, 20 yanvarın Türk dünyası və bütün dünya üçün qara gün olduğunu qeyd edib, bu faciənin türklərə qarşı vəhşi bir qırğın olduğunu vurğulayıb. Səfir Qərb dünyasının bu vəhşətə reaksiya verməməsini türklərə qarşı ikili standartın göstəricisi olaraq dəyərləndirib.

Azərbaycan Respublikasının Beynəlxalq Türk MədəniyyətiTəşkilatındakı(TÜRKSOY) təmsilçisi Elçin Qafarlı çıxış edərək, şahidi olduğu bu faciə ilə bağlı xatirələrini bölüşüb.

Digər çıxış edənlər də şəhidlərimizə Allahdan rəhmət diləyərək, gələcəkdə daha güclü olmaq üçün hər zaman birlikdə və həmrəy olmağımızın zəruriliyindən danışıblar. Bu kimi önəmli tarixlərin gənc nəslə daha ətraflı öyrənilməsinin əhəmiyyəti qeyd edilib.

Tədbir çərçivəsində iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotolardan təşkil edilmiş sərgi ilə tanış olaraq, qanlı yanvarla bağlı qısa film izləyiblər.

Sevil Hilalqızı Ünal,

Xüsusi olaraq SİA üçün, Ankara