Beş yaşdan yuxarı uşaqlar üçün Pfizer peyvəndi ÜST TƏRƏFİNDƏN TÖVSİYƏ EDİLİB

21 Yanvar 2022 19:36 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Mütəxəssislər Qrupu (SAGE) 5-11 yaşlı uşaqlar üçün Pfizer/BioNTech peyvəndinin istifadəsini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə İmmunlaşdırma üzrə Strateji Mütəxəssislər Qrupunun saytında dərc edilmiş bəyanatda deyilir.

Bəyanata görə, ÜST-nin məsləhət qrupu Pfizer/BioNTech peyvəndinin 5-11 yaşlı uşaqlara tətbiqinin genişləndirilməsini tövsiyə edib. Uşaqlar üçün 10 mikroqram azaldılmış doza tövsiyə olunur ki, bu da 12 yaşdan yuxarı insanları peyvənd etmək üçün istifadə olunan dozadan üç dəfə azdır.

Eyni zamanda, ÜST-nin məsləhət qrupu yaşlılar və ya tibb işçiləri kimi risk altında olan şəxslər üçün ilkin peyvənddən 4-6 ay sonra koronavirusa qarşı gücləndirici peyvəndin aparılmasını tövsiyə edib.

ÜST-nin İmmunlaşdırma Departamentinin rəhbəri Keyt O'Brayen məsləhət qrupunun qərarlarını şərh edərkən vurğulayıb ki, təşkilatda uşaqlara koronavirus peyvəndinin gücləndirici doza ehtiyacı olduğuna dair heç bir sübut yoxdur.