Nənəmin şahlıq, ermənilərin... “ümid quşu”

21 Yanvar 2022 17:37 (UTC+04:00)

...Doğrudan da, bu “böyük erməni xalqı” üçün böyük bir fəlakətdir. Bu gün xaricdəki erməni diasporları artıq elə bil məhv olmağa başlayıblar. Daha Ermənistana heç bir ianə-filan göndərmək istəmirlər. Amma, deyim ki, əvvəllər belə deyildi. Yəni xaricidə yaşayan imkansız ermənilər belə imkanlı ermənilərə qoşulub ildə bir dəfə də olsa “ianəyığma” tədbiri keçirərdilər. Deyim ki, bu Ermənistanın ayaqda qalmasına çox kömək olurdu. İndi isə, nə ianə var, nə də xaricdə “böyük Ermənistan”ın təbliği... Elə bil bu boyda “böyük bir millətin” bütün bəsarətləri bağlanıb.

...Odur, o gün amerikalı politoloq Suren Sarkisyan da Amerikada yaşayan ermənilərin acizliyindən gileylənir... Deyir ki, bu gün bu ölkədəki çoxsaylı erməni diasporlarından təkcə Hay Dat lobbi təşkilatı nəsə eləmək istəyir. Amma, hələ ki, heç nə edə bilmir. Belə görünür ki, deyəsən, heç nə edə də bilməyəcək.

Çünki, hazırda Ermənistanın həm Xarici İşlər Nazirliyi, həm də onun ABŞ-dakı strukturları ən aciz durumdadırlar. Belə görünür ki, ümid bircə “erməni Tanısı”na qalıb.

Tanrı demişkən, o gün böyük Kilikiya Evinin katolikosu I Aram türklərin “su gələn arxa bir də gələr” məsəlini əsas tutaraq, yenidən ermənilərə ümid verməyə çalışıb. O hətta 2022-ci ili bütün dünya erməniləri üçün “diaspora ili” olacağını da bəyan edib. Bununla belə, livanlı ermənniləri başına yığıb görüş keçirən katolikos I Aram öz narazılıqlarını da gizlətməyib. Belə görünür ki, erməni din adamı iradlarında haqlıdır. Məsələn, o ermənilərin son uğursuzluqlarını “bu gün erməni həyatına girən əcnəbilərlə” əlaqələndirir. Nə bilmək olar, hər halda “din adamı”dır, yalan danışmaz. Yəqin ki, nəsə bilir...

Onun bugünkü erməni gənclərinin kollektiv erməni həyatından, erməni qurumlarından uzaqlaşmağa başlamasına irad bildirməsi də doğru kimi qəbul edilməlidir. Cünki onun “biz ermənilər dünyaya nümunə kimi bəxş etdiyimiz “demokratiya” ilə yanaşı, elə dünyanın "ilk xristian dövlət” olduğumuzu da unutmamalıyıq” deməsi “çox düzgün ifadədir”.

Amma, nə təəssüflər ki, bu gün xarici diasporla Ermənistan arasındakı əlaqələrin bütün seqmentdə qırılmağa doğru getməsi göz önündədir. Deyim ki, bunu da ermənilər özləri etiraf edirlər.

Məsələn, bu gün ermənilərin “ümid dağarcığı” olan “Hayastan” Fondu daha əvvəlki nüfuza sahibi deyil. Qeyd edək ki, o vaxt, 44 günlük müharibə zamanı bütün dünyada ermənilər bu fondun hesabına xeyli vəsait köçürmüşdülər. Yəni onlar Ermənistana bacardıqları qədər kömək etmişdilər. Deyim ki, xarici diasporun o zamankı fəaliyyəti pik həddində idi. Amma nəticəsi nə oldu?.. Yenə də ermənilərin dediklərinə inansaq, guya milyonlarla dollar ianənin “dalından keçən Paşinyan hökuməti” bu gün yorulmadan “sülh erası” ilə bağlı hay-küy salmağa başlayıb.

Ermənilərə görə, bu günkü xaricdəki erməni diasporun passivliyinin ən böyük səbəbini də bununla əlaqələndirmək lazımdır. Bundan əlavə, ermənilər xarici erməni diasporunun Ermənistandan inciməsini ölkənin indiki hakimiyyət orqanlarının hərəkətləri və ya hərəkətsizliyi ilə əlaqələndirirlər.

“...Diaspor qüdrətli çoxmilyonlu milli qüvvədir və onun potensialı hələ də lazımınca qiymətləndirilmir. Biz hərəkətə başlamalıyıq”-deyən ermənilər hələ də xaricdən gözlədikləri ianələrə ümidlidirlər.

Yəni onlar, bu gün də böyük ümidlə “ianə quşu”nun nə vaxtsa ermənilər tərəfə uçacağını gözləyirlər.

Yeri gəlmişkən, yadınızda olar, vaxtilə bizim teatrlarda “Nənəmin şahlıq quşu” adlı bir tamaşa göstərilərdi. Ə. Kürçaylı və V. Adıgözlovun birgə ərsəyə gətirdiyi həmən əsərdə əsas qəhrəmanlardan olan Cəsarət adlı bir gənc bütün tamaşa boyu nə vaxtsa “şahlıq quşu”nun uçub onun başına qonacağına ümid edir. Amma təəssüf ki, tamaşanın sonuna qədər şahlıq quşu uçub onun başına qonmur ki, qonmur.

Elə ermənilərin indi gözlədikləri “ümid quşu” kimi...

Ağasəf Babayev