Kino müharibəsi

21 Yanvar 2022 16:42 (UTC+04:00)

Elçin Bayramlı

Dünyada ən nəhəng video portal, internet televiziyası sayılan youtube.com saytı, həmçinin digər videoportallar internet istifadəçilərinə dünyada istehsal edilmiş demək olar ki, bütün videomaterialları seyr etmək imkanı verib. Bədii film həvəskarları üçün isə bu kimi videoportallar tükənməz mənbədir.

Azərbaycanda son dövrlərdə çəkilmiş filmləri videokasetdə və ya diskdə əldə etmək mümkündür. Lakin bunu Sovet dövründə çəkilmiş filmlər haqda demək mümkün deyil. Bu filmlərin böyük əksəriyyətini televiziyalar nümayiş etdirmirlər. Yapışıblar 5-10 bədii filmimizdən ilboyu fırladırlar efirdə. Artıq eyni filmləri o qədər veriblər ki, bu filmlərə tamaşaçının marağı itib.

Halbuki, Sovet dövründə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan minlərlə bədii, sənədli, televiziya və cizgi filmləri, teletamaşalar var ki, bunların varlığından yaşlı nəsildən başqa qalanlarının demək olar ki, xəbəri yoxdur. Hətta yaşlı nəsil belə hamısına baxmayıb. Hərdən internetdə eləsinə rast gəlirsən ki, adam təəccüb edir ki, belə filmimiz də var imiş, necə indiyədək bilməmişik.

Nədənsə telemenecerlərə elə gəlir ki, 3-cü və ya 4-cü dərəcəli amerikan ujas filmləri, qanlı-qırğınlı döyüş kinoları tamaşaçı üçün daha arzuolunan və daha səviyyəlidir. Maraqlıdır, görəsən, xarici filmləri əldə etmək, yayımlamaq öz filmlərimizdən daha ucuzmu başa gəlir?

Məlumatlara görə, “Azərbaycanfilm”in istehsalı olan filmləri yayımlamaq üçün 150-200 manat ödənməlidir. Özəl televiziyaların rəhbərləri bunu bəhanə gətirirlər, lakin cavab vermirlər ki, xarici filmlər bundan ucuzmu başa gəlir? Ya da, niyə şou verilişlərə yüz minlərlə pul xərcləyən telekanallar niyə öz filmlərimiz üçün 100 manat ödəmək istəmirlər.

Yutub-da artıq demək olar ki, əksər bədii, sənədli, cizgi və s filmlərimiz yerləşdirilib. Portalda axtarış apararkən mənə məlum oldu ki, bizim bədii fimlərin sayı mən təsəvvür etdiyimdən xeyli çox imiş.

Özü də bunları hansısa aidiyyatı dövlət təşkilatı yox, fərdi şəxslər edib. Bu işə sərf olunan əziyyəti, enerjini, vaxtı təsəvvür belə etmək çətindir. İndi dünyanın bütün ölkələrində istənilən adam istənilən vaxt istənilən Azərbaycan kinosunu, filmini izləyə bilər və izləyir də. Filmlərə yazılan şərhlərdən bu, görünür. Xüsusilə də, rus dilində xeyli filmimiz olduğuna görə, bu, dünyada rus dilində danışan və ya başa düşən yarım milyarda yaxın insana çıxış deməkdir. Təəssüf ki rus dilində çəkilmiş filmlərimizi də vermirlər, ən azı dublyaj edib efirə vermək olardı.

Bu nəhəng baza internet televiziyaları üçün isə göydəndüşmə müftə arxivdir. Lakin maraqlıdır ki, onlar da bu arxivdən istifadə etmək niyyətində deyillər, efiri xarici və yerli kliplər, amerikan filmləri ilə doldurmağa üstünlük verirlər.

Lakin qeyd etmək lazımdır ki, internetdə yerləşdirilən filmlərin bir çoxu orijinal deyil, bəziləri çox keyfiyyətsizdir, videokasetdən ya da teleefirdən köçürülüb. Bu həmin filmləri yerləşdirənlərin günahı deyil, bu işdə onlara bu sahəyə cavabdeh orqanlar kömək etməyə borcludurlar.

Dövlət özü bir videoportal yaratmalı, xalqımızın ən azı son 100 ildəki bütün videoarxivini köhnə lentlərdən keyfiyyətli şəkildə köçürərək oraya yükləməlidir. Əksər ölkələrə belə ediblər. Məsələn, Rusiyada neçə-neçə belə nəhəng kino portalı var ki, minlərlə filmi yüksək keyfiyyətli şəkildə izləmək mümkündür. Üstəlik, bir çox ağ-qara filmləri rəngləndirib yenidən yükləyiblər. Ona görə də, əhali tarixi kinoların hamısına istədiyi vaxt baxa bilir.

Qlobal ideoloji mübarizədə və informasiya müharibəsində şüura ən güclü təsir vasitəsi olan kinonun spesifik rolu və mühüm payı var. Amerikan filmlərinin qlobal miqyasda gördüyü işi, əldə etdiyi nəticəni başqa heç bir vasitə ilə etmək mümkün deyildi.

Kino və filmlər cəmiyyətin təlim-tərbiyəsi, gənclərin mənəvi sağlam yetişməsi üçün ən əhəmiyyətli vasitədir. Bu ən güclü ideoloji silahdır. Bu silahdan bizdə də var, özü də dünyanın əksər ölkələrindən daha çox, daha güclü və daha səviyəli bir kino xəzinəmiz var. Qalır ondan istifadə etmək.