Onlayn təhsil şagirdlərə nə qazandırdı? - ARAŞDIRMA

21 Yanvar 2022 16:13 (UTC+04:00)

COVID-19-un demək olar ki, bütün təhsil alanlara mənfi təsirləri var. Ancaq bu mənfi təsir imkansız ailələrin uşaqlarında daha çox oldu. Hesabata görə, məktəblər bağlanmazdan əvvəl digər tələbələrlə müqayisədə müvəffəqiyyət səviyyəsi aşağı olan tələbələr, COVID-19 prosesi zamanı həmyaşıdlarına nisbətən 2,5 dəfə daha çox mənfi təsirə məruz qalıblar.

Gənclər yaşlı tələbələrə nisbətən daha çox təsirlənir. Bu vəziyyət mövcud bərabərsizliyin daha da artdığını göstərir. Bərabərsizliyin qarşısını almaq və fərqi aradan qaldırmaq üçün tez hərəkət etmək və daha ciddi mübarizə aparmaq lazımdır.

Hesabatdan, xüsusilə ibtidai sinif şagirdləri ilə bağlı daha bir neçə vacib məqama diqqət çəkmək istəyirəm. Riyaziyyat və savadlılıq kompetensiyalarında ciddi azalma müşahidə olunur. Yay tətilindən sonra tələbələrin uğurlarının azalması hər zaman rast gəlinən bir vəziyyətdir. Pandemiya səbəbindən şagirdlərin məktəbdən uzaqqalma müddəti demək olar ki, iki dəfə artdı. Bu, yay tətilinin təsirinin daha çox olacağına işarə idi.

Digər mühüm məqam isə imkansız tələbələrin bu orta göstəricilərdən daha çox itirəcəkləridir. Qruplar arasında uçurum getdikcə artır. Distant təhsil təhsildə bərabərsizliyin qarşısını almaq imkanı versə də, hələ də resurslara çox məhdud çıxışı olan mühüm bir seqment mövcuddur. Kompüter, internet və sakit iş mühiti kimi olduqca sadə görünən bu üçlüyə sahib olmaq hər kəs üçün asan deyil. Qeyd etmək lazımdır ki, bu əsas ehtiyacların ödənilməsi zəruri, lakin kafi şərt deyil.

Azərbaycan pandemiya zamanı məktəbləri ən uzun müddətə bağlanan ölkələr arasında ön sıralardadır. Uzun müddət bağlanan məktəblərə görə tələbələr distant təhsilə məhkum edilmişdilər. Məlum faktdır ki, heç də bütün tələbələr distant təhsil ala bilmir. Ümumilikdə 1,5 ildən artıq məktəblərin bağlanmasının şagirdlərə təsirindən müəllimlərlə danışdıq. Müəllimlərin müşahidələri belədir ki, uşaqlarda davranış dəyişiklikləri baş verir, zorakılıq halları artır, savadlılıq vərdişləri azalır.

Gənclər yeniyetməliklərini həmyaşıdlarından uzaqda, evdə və ekran arxasında, ya da təhsil almaq imkanı olmadan keçirdilər. Onların vəsvəsələri və qorxuları artdıqca, asılılıqları da artdı. Pandemiya dostluq etməkdə çətinliklər və artan narahatlıq kimi problemlər yarada bilər. Əgər onsuz da problemli bir mühitdə idilərsə, problemləri ilə baş-başa qalırdılar. Üzbəüz təhsilin dayandırılması ilə məktəblərin uşaqların təkcə akademik təhsilində deyil, həm də sosiallaşmasında nə qədər əhəmiyyətli olduğu görüldü. Dərsdənkənar ümumi yerlər, dostlarla vaxt, fasilə vaxtları, məktəbə getmək - bütün bunlar təhsil və öyrənmənin, xüsusən də sosiallaşmanın bir hissəsi idi ki, pandemiya zamanı uşaqlar uzun müddət onlardan uzaq qaldılar.

SİA məsələ ilə bağlı araşdırma apararaq sosioloq, psixoloq və təhsil ekspertlərinin fikirlərini öyrənib.

Təhsil eksperti Kamran Əsədov: “İlk növbədə qeyd edim ki, pandemiya dünyada təhsil sisteminə təsirsiz qalmadı. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi, sadəcə proseslərin arxasınca getmişdir. Əksər hallarda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görməyə başlandı.

Dövlətimizin pandemiyaya qarşı mübarizədə addımları əsasən 3 istiqaməti əhatə edir:

-Birincisi, virusun yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində addımlar;

İkincisi, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı dalğalanmanın təsirlərinin minimallaşdırılması, sosialyönümlü paketlər;

Üçüncüsü, pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, bu məzmunda qlobal dialoqun və əməkdaşlığın təşkili.

Bu istiqamətdə təhsil sistemi daha aparıcı mövqeyə malik oldu. Belə ki, ilk mərhələdə martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Bu da ölkəmizdə virusa yoluxanların sayının digər dünya ölkələri ilə müqayisədə az olmasına gətirib çıxardı. Çünki ölkə təhsili öz ətrafında 2 milyondan çox şəxsi birləşdirir və gün ərzində təhsil müəssisələrinə bu qədər insan daxil olur. Bu da böyük hərəkət qüvvəsi deməkdir.

Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində tele-dərslərin təşkili ilə bağlı işlərə başlandı. Dərslərin nümayişi üçün televiziyanın seçilməsi təsadüfi deyildi. Belə ki, ölkənin bütün regionlarında, xüsusilə də ucqar kəndlərdə şagirdlərin fasiləsiz və sürətli internet bağlantısı ilə təmin edilməsi sahəsində çətinliklər olduğu üçün onların müəyyən hissəsinin dərslərdən yararlana bilməməsi ehtimalı var idi. Dövlət televiziyasının bütün ölkəni əhatə etdiyi nəzərə alınaraq, dərslərin 2 televiziya kanalında (Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalı və "ARB Günəş” kanalı) yayımlanması barədə qərar qəbul edildi. Zaman göstərdi ki, bu, vaxtında verilmiş və yeganə düzgün qərar idi. Ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün 5-6 saat TV dərslər yayımlanmağa başlandı, təhsilin əhatəliyi və əlçatanlığı təmin olundu, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olundu. Dərslər ümumi təhsil proqramına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə edir.

Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, aprelin 2-dən "Virtual məktəb” layihəsinə start verildi, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. Layihənin məqsədi yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək idi. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunur. Portal vasitəsilə şagirdlər teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirir və əlavə tədris resurslarından faydalana bilirlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunur. Müəllimlərin portalda qeydiyyatı təmin edilmiş, onlar tərəfindən portalda onlayn dərslərin keçirilməsi üçün imkanlar yaradılmışdır.

Pandemiya dövründə Azərbaycanda tətbiq edilən təhsil platforması UNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer almışdır. Belə ki, dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESKO-nun rəsmi saytında (https://en.unesco.org/covid19/educationresponse/solutions) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim olunmuşdur.

Koronavirus pandemiyasının təsirlərinin minimuma endirilməsi məqsədilə Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 13 aprel 2020-ci il tarixli qərarı imzalanmışdır. Həssas əhali qrupuna ünvanlı dövlət sosial yardımı alanlar; hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

I və II dərəcə əlilliyi olan şəxslər;

işsiz kimi qeydiyyatda olanlar;

yaşa görə əmək pensiyaçıları;

yaşa görə sosial müavinət alanlar aid edilmişdir.

Qərar ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan 22 mindən artıq tələbəni əhatə edəcək. Qeyd edilən kateqoriyalardan olan tələbələrin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada dövlət büdcəsi hesabına ödəniləcək. Tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış e-telebe.edu.az elektron portalı üzərindən artıq 20 mindən çox tələbə qeydiyyatdan keçərək sənədlərini təqdim etmişdir.

Pandemiya müəllim peşəsinin nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq etdi. Belə fikirlər səslənirdi ki, müasir inkişaf dövründə müəllimə ehtiyac azalır, təhsilalanlar sərbəst öyrənmə imkanlarından yararlana bilir. Lakin belə hadisələr bir daha sübut edir ki, müəllimlik alternativi olmayan bir peşədir. Cəmiyyət bir daha əmin oldu ki, Azərbaycan müəllimləri hər zaman üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirmiş, şagirdlərə mükəmməl bilik, savad verməklə yanaşı, onların milli-mənəvi dəyərlər, azərbaycançılıq ruhunda tərbiyəsinə, layiqli vətəndaş kimi formalaşmasına bütün həyatını sərf etmişlər. Pandemiya dövründə fədakarlıq göstərən peşə sahibləri insanların sağlamlığını təmin edən həkimlərlə yanaşı, şəxsi qayğılarını kənara qoyaraq təhsilin fasiləsizliyini təmin edən müəllimlər oldu. Müəllimlər ən müasir elektron sistemlərdən, platformalardan istifadə edərək onlayn dərslər təşkil etdilər, proqram materiallarının mənimsənilməsinə səy göstərdilər, şagirdləri ilə ünsiyyətdə oldular və tədris ilinin uğurla başa çatdırılmasına zəmin yaratdılar.

Pandemiyanın əsas dərslərindən biri də ondan ibarət oldu ki, həm təhsilverənlər, həm də təhsilalanlar mükəmməl rəqəmsal bacarıqlara malik olmalıdırlar. Belə bacarıqların olmaması yüksək texnologiyalardan və müasir tətbiqlərdən istifadə imkanlarını məhdudlaşdırır, təhsilə və fəaliyyətə ciddi maneələr yaradır. Bu baxımdan əsas fəaliyyət istiqamətlərindən biri də rəqəmsal bacarıqların formalaşdırılmasına xidmət edən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi olmalıdır.

Keyfiyyət hər hansı məhsulun, xidmətin (prosesin) əvvəlcədən müəyyən edilmiş standartlara, etalonlara uyğunluq dərəcəsidir. Bir məqamı qeyd edim ki, distant təhsilin keyfiyyət standartlarını biz hələ müəyyən etməmişik. Əslində bizim heç əyani təhsilimizdə də keyfiyyət yoxdur, indi onlayn təhsilimizdə nə keyfiyyət axtarırıq?

Universitetlərdə təhsilin keyfiyyət meyarları "Keyfiyyətin menecmenti sistemi” adlı mexanim və standartlarla müəyyən edilir. Bu Boloniya Prosesinin ən mühüm tələbidir. Universitetlərimizin əksəriyyətində formal olaraq belə bir şöbə yaradılsa da, onların fəaliyyəti hələ keyfiyyətə təsir edə bilməyib. Çünki TN Boloniya prosesinə qoşulduğumuz 15 il ərzində bu mexanizmi yarada bilməyb. Hansı universitetimiz "Keyfiyyət üzrə Beynəlxalq Agentliyin” akkrediytasiyasından keçib? Deyilənlərə görə TN-nin nəznində son illər " Təhsildə Keyfiyyət üzrə Agentlik” yaradılıb. Amma hələki onun da fəaliyyəti hiss edilmir.

Distant təhsilin keyfiyyəti iki parametr üzrə müəyyənləşə bilər:

1) Təlimin elektron idarə edilməsi sisteminin keyfiyyəti (LMS-in keyfiyyəti),

2) məzmunun keyfiyyəti (kontentin keyfiyyəti).

1-ci parametr üzrə ölkəmizdə təcrübə yoxdur, bu sahədə hələ 10 il işləməliyik. Amma 2-ci parametr üzrə təcrübəmiz var. Bu təcrübə isə ondan ibarətdir ki, bizdə təhsilin məzmunu və tədris metodik bazası çox bərbad haldadır. Maraqlıdır, ali təhsilin məzmunu və müasir tələblərə cavab verən dərsliklərin, elektron dərsliklərin, tədris metodik komplekslərin, ali təhsil üzrə portalların hazırlanması üzrə TN və universitetlər nə iş görüb, bu sahəyə nə qədər vəsait sərf ediblər?

Ən yaxşı universitetlərimizdə də biz hələ normal distant təhsil sistemi qura bilməmişik. Niyə? Deyilənlərə görə universitetlərimizin buna maddi imkanı yoxdur, universitetlərimiz pul qazana bilmir. Bəs niyə xarici universitetlər milyard dollarla pul qazandığı halda bizim universitetlərimiz belə kasıbdır? Bu ərəfədə ölkənin aparıcı universitetinin əksi rektorunun yüz milyonlarla dollar dəyərində olan şəxsi biznesi barədə gözqamaşdırıcı sensasion məlumatlar verilir.

Sual olunur: belə kasıb universitetin rektoru necə oldu ki, qeyri-rəsmi milyoner oldu? Çünki, universitetin inkişafına yönlənməli olan milyonlar, bu rektorun şəxsi biznesinin inkişafına yönəlib. Bu proses 10 illər ərazində davam edib. Bəs bunu görən, nəzarət edən qurumlar niyə göz yumub buna? Bax bu səbəbdən bizim hətta aparıcı universitetimizdə də distant təhsil yoxdur, olanlar da çox keyfiyyətsizdir.

Bir tərəfdə dünyanın tanınmış, lider və maddi cəhətdən zəngin universitetlərinin kasıb rektorları, digər tərəfdə isə bizim geridə qalan, deqradasiyaya uğrayan kasıb universitetin zəngin rektoru.

Bir tərəfdə dünyanın zəngin "Sahibkar Universitetləri” və kasıb rektorları, bir tərəfdə bizim kasıb universitetimiz və sahibkar rektorumuz. Deyəsən biz neft kapitalını insan kapitalına çevirmək haqqında illər ərzində müzakirələr apardığımız müddətdə, bəziləri asanlıqla neft kapitalını rektor kapitalına çevirə biliblər”.

Psixoloq Zeynəb Əyyubova: "Əvvəla orta nəsil, orta yaşlı nəsil texnika ilə işləməyi, müasir metodları öyrəndi, onlayn şəkildə də nələrisə etməli olduğumuzu bildik və öyrəndik. Düzdür, diqqət əksikliyi yaratsa da, biraz bəzi müəllimlərdə göz problemi yaratsa da artıq birdən-birə ölkə olaraq xaricdən təhsil, seminarlar, məşhur insanlarla dərs almaq kimi vərdişlər yarandı. Artıq onların dərsinə getmək bizim üçün nə qədər çətin olacaqdısa onlayn sistemdən onlar özü bizim evimizə gəldi.

Bundan əlavə onlayn sistem bizə onu da öyrətdi ki, biz hər bir şəraitdə istəsək təhsil alarıq, irəli gedərik, istənilən bir müsbət vərdişə yiyələnə bilərik. Onlayn təhsilin verdikləri ilə bərabər aldıqları da oldu. Aldıqları o oldu ki, canlı görüşlər azaldı, insanların bir-biri ilə münasibəti, hal-əhval tutması və s. pozuldu".

SİA araşdırma mövzusu ilə bağlı tələbələrin də fikirlərini öyrənib:

Tələbə Aytac Ali: "Təhsilin distant formada təşkil edilməsi anidən və vəziyyətə görə məcburi qaydada olması ilk başlarda hər kəsdə çaşqınlıq yaratdı. Doğrusu, o qədər də tez alışa bilmədik. Çünki ilk olduğu üçün metodika elə də düzgün qurulmamışdı. Lakin vaxt keçdikcə istər müəllim heyəti, istərsə də tələbələr yeni düzənə öyrəşə bildilər.

Öz adımdan deyim, distant təhsil mənə zamanı daha yaxşı dəyərləndirməyə imkan yaratdı. Dərslərimlə birlikdə həm də təcrübə qazanmaq üçün ixtisasımla bağlı işdə çalışmağa başladım.

Bir şey üçün təəssüflənirəm ki, tələbəlik illərini tam yaşaya bilmədik. Bir göz qırpımında bitdi. Qalan bütün təəssüratlarım normaldı bu barədə".

Tələbə Şəhanə Paşayeva: "Onlayn təhsil sayəsində vaxta qənaət etdik, texnologiyaya daha yaxın olduq. Həmçinin, bir növ pula da qənaət etmiş olduq. Çünki yol xərcimiz çıxmırdı. Adını bilmədiyimiz bir çox ünsiyyət proqramları ilə tanış olduq. Buraya "Zoom", "Blackboard" və "Teams" proqramları aiddir".

Tələbə Zərintac Maisqızı: "Bildiyimiz kimi, pandemiya səbəbi ilə universitetlər, məktəblər qapandı və onlayn təhsil formasına keçdik. Bu illərdə isə təhsili artıq hibrid formasına keçirdilər. Onlayn təhsildə biz texnologiya ilə bağlı bilgilərimizi genişləndirdik. Onlayn seminar və tədbirlərin nə olduğunu daha yaxından öyrəndik. Yəni, onlayn təhsilin bizə qatdıqlarını da dana bilmərik. Təbii ki, ənənəvi təhsilin yerini heç nə verə bilməz".

Ayşən Vəli