Dişlərin sağlam qalmasının ƏN ASAN ÜSULLARI AÇIQLANDI - STOMATOLOQ İZAH ETDİ

21 Yanvar 2022 16:09 (UTC+04:00)

“Hazırda xəstələr daha çox estetik problemlər və dişlərin çürüməsi ilə bağlı müraciət edirlər. Hansı ki, dişlərdə çürüyün olması insanlarda ağrılara səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında stomatoloq Zaur Quluzadə bildirib.

Onun sözlərinə görə, əvvəllər daha çox çürümə və ağrıya görə müraciət olunurdusa, indi isə daha çox estetik prosedurlar və dişlərin ağardılması üçün müraciət edirlər: “Bunun üçün isə ən son metodlar olan E-max zirkon və vinirlərdən istifadə olunur. Bunların vasitəsilə dişləri bərpa etmək olur. Bundan əlavə ön dişlərdə çürümə bəzən yaşından asılı olaraq kompozitlə estetik bərpa edə bilirik. Uşaqlarda artıq diş müalicəsi diş çıxan zaman müayinə edə bilərik. İki, üç, dörd yaşlarında ildə iki dəfə gəlməkləri məsləhət görülür. Müalicə təbii ki, o zaman başlayır ki, artıq dişlərdə çürümə var. Yəni bu 3 yaşında da, 5 yaşında da ola bilər. İstənilən yaşda əgər dişdə çürümə varsa biz orada müalicəyə başlaya bilərik.

Ümumiyyətlə isə dişlərin çürüməsinin qarşısını almaq üçün profilaktik olaraq diş məcunu və fırçasından istifadə edilməlidir. Gündəlik olaraq səhər yeməyindən sonra və axşam yatmazdan əvvəl gündə iki dəfə olmaqla dişləri fırçalamaq lazımdır. Fırçalama prosesi 2-3 dəqiqə ərzində edilməli və dişlərin bütün səthi təmizlənməlidir. Dişin həm ön vestibulyar səthi və arxa oral səthi təmizlənməlidir. Bundan əlavə dişlərin dibinə toxunan hissələri də tam fırçalamaq lazımdır. Əlavə olaraq ağız yaxalayıcılarından itifadə etməliyik. Dişlərimizi fırçaladıqdan sonra 30 saniyə rəzində ağız yaxalayıcılarından istifadə etməklə biz ağız boşluğunu tam təmizləyə bilərik. Bundan əlavə əgər yemək yeyən zaman hər hansısa bir qida dişlərin arasında qalırsa bu zaman isə onların təmizlənməsində diş sapından istifadə oluna bilər. Son zamanlar ən çox yayılan kariyes növlərindən biri aproksimal kariyes növüdür. Hansı ki, bu iki dişin arasında yaranır. Bu isə qidanın bu aralıqda qalması və bizim xəbərimizin olmaması nəticəsində yaranan bir növdür. Bu zaman artıq diş sapından istifadə olunmadan həmin qidanın təmizlənməsi mümkün deyil. Çünki pasientlər bizə müraciət etdikdə dişlərini yuduqları halda çürüməylə rastlaşdıqlarını deyirlər. Bunun əsas səbəbi də elə iki diş arasında qalan qidanın törətdiyi problemdir. Eyni zamanda dişlərə yaxşı qulluq edilmədikdə bu zaman diş daşları və diş ərpi yaranır. Ümumiyyətlə isə ildə iki dəfə olmaq şərtilə həkimə müraciət olunmalıdır”.